“Mühafizəkarla liberalın ədalət anlayışı eyni deyil” - Hüquqşunasdan maraqlı AÇIQLAMA

Hüquq sistemi ədaləti təmin etmək üçün mövcud olsa da, bəzən hüquqşünaslar çətin etik seçimlərlə üzləşirlər. Günahkar olduğu ehtimal edilən bir şəxsi müdafiə etmək və ya sübut çatışmazlığı səbəbilə məsum birini qoruya bilməmək kimi hallar bu peşənin reallıqları arasındadır.
Hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a verdiyi açıqlamada bildirib ki, cəmiyyətin hüquqşünaslara münasibəti heç vaxt birmənalı olmayıb və zamanla dəyişib. O qeyd edib ki, cəmiyyətin hüquq sisteminə baxışı, əsasən, mövcud sosial sifarişlə formalaşır: "Cəmiyyətin hüquqşünaslara münasibəti onların hansı qanunları icra etdiyinə bağlıdır. Mühafizəkar cəmiyyətlərdə sərt qanunlar qəbul edildikdə hüquqşünaslar qınaq obyektinə çevrilir, lakin yumşaq qanunlar tətbiq edildikdə də bir qisim insanlar onları ittiham edir. Yəni hüquqşünaslar həmişə müxtəlif fikirlərlə qarşılaşırlar".
Süleymanov vurğulayıb ki, hüquq anlayışı nisbi olduğundan, ədalət də universal deyil: "Mühafizəkar bir şəxsin ədalət anlayışı ilə liberal bir şəxsin ədalət anlayışı eyni deyil. Bu səbəbdən hüquqşünaslar birmənalı şəkildə nə təriflənir, nə də qınanır".
O, həmçinin hüquq sistemində boşluqların olduğunu etiraf edərək, dövlətin aztəminatlı şəxslərə hüquqi yardım təmin etmək üçün addımlar atdığını qeyd edib: "Hüquq bahalı bir sahədir. Bəzən kasıb təbəqənin peşəkar hüquqşünasa müraciət etməyə imkanı olmur. Buna görə də dövlət tərəfindən vəkillə təmin olunma hüququ təqdim edilib. 2022-ci ilin iyul ayında qəbul edilən qanun dəyişikliyi ilə aztəminatlı və əlilliyi olan şəxslər də dövlət hesabına keyfiyyətli hüquqi yardım ala bilirlər".
Süleymanov hüquqşünasların fərqli vəzifələr daşıdığını və onların hamısının yalnız müdafiəçi olmadığını da vurğulayıb: "Hüquqşünas təkcə vəkil deyil. O, eyni zamanda prokuror, hakim, polis əməkdaşı, istintaqçı və ya hüquq-mühafizə orqanlarının başqa bir üzvü ola bilər. Hər biri öz vəzifəsinə uyğun hərəkət edir. Prokuror cinayəti sübuta yetirməyə çalışırsa, vəkil müştərisini ən yaxşı şəkildə müdafiə etməyə çalışır. Bu sistemin düzgün işləməsi üçün lazımdır".
O, vəkillərin etik seçimləri barədə də danışıb və bildirib ki, vəkil öz müştərisini seçməkdə sərbəstdir: "Vəkilin yalnız bir rəhbəri var – müştərisi. O, istədiyi işi qəbul edə və ya imtina edə bilər. Bəzi vəkillər müəyyən cinayət kateqoriyalarını müdafiə etməyi etik baxımdan qəbul etmir, bu da normaldır. Əsas məsələ vəkilin qanun çərçivəsində qalaraq müştərisini müdafiə etməsidir".
Müsahibənin sonunda Süleymanov vurğulayıb ki, hüquqşünasların əsas məqsədi ədalət yox, qanunun icrasıdır və yekun qərarı məhkəmələr verir: "Vəkil üçün ədalətmi daha önəmlidir, yoxsa müştəri? Bu, şəxsi vicdan məsələsidir. Ancaq unutmayaq ki, hüquqşünaslar qanun çərçivəsində hərəkət edir, ədalət anlayışı isə nisbi olduğu üçün onun yekun təyini məhkəmələrə aiddir".
Zeynəb Yunuszadə
18:44 26.02.2025
Oxunuş sayı: 13185