Elnur Məmmədov Cenevrədə işgüzar səfərdə olub

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov 23-26 fevralda BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə Cenevrə şəhərinə işgüzar səfərdə olub.
"Crossmedia.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edib, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib.
Nazir müavini çıxışı zamanı postmünaqişə dövründə regional vəziyyət, “Böyük Qayıdış” çərçivəsində görülən işlər, Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə yönələn iddialardan ətraflı bəhs edib, Ermənistan xarici işlər nazirinin çıxışı zamanı qaldırdığı iddialara cavab verib.
Keçmiş münaqişə dövründə Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə bağlı ölkəmiz tərəfindən beynəlxalq məhkəmələrdə aparılan proseslər, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, mina təhdidi ilə mübarizə, habelə indiki Ermənistan ərazilərindən qovulmuş həmvətənlərimizin hüquqlarının bərpası səyləri barədə məlumat verilib.
14:26 26.02.2025
Oxunuş sayı: 1078