Uşaqlarda nitq gecikməsi: nə zaman narahat olmalıyıq?

Uşaqların ilk sözləri valideynlər üçün həyəcanverici bir an olsa da, bəzən bu proses gözlənildiyindən gec baş verə bilər.
Bu gecikmə bəzən təbii prosesin bir hissəsi olsa da, bəzi hallarda dərinləşmiş səbəblərin göstəricisi ola bilər. Valideynlər üçün əsas sual isə nə vaxt narahat olmaq və mütəxəssisə müraciət etmək lazım gəldiyidir.
Bəs 3 yaşına qədər uşaqlarda nitq geriliyinin əsas səbəbləri nədir?
Mövzu ilə bağlı psixoloq Əminə Mikayılova Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, nitq uşaqlarda elə bir vaxtda yaranır ki, onlar eşitdiklərini ifadə etməyə başlayırlar. Ümumiyyətlə nitq geriliyinin bir necə əsas səbəbləri var:
"Fizioloji əngəllər yəni yarıq damaq və ya ana bətnində yaranan hər hansı bir problem nəticəsində uşaqda nitq geriliyi müşahidə edilə bilər. Sensor əngəl dedikdə, eşitmə və görmə problemləri nəzərdə tutulur. İnsan eşitdiklərini və gördüklərini dilə gətirir. Əgər uşaqda eşitmə və ya görmə problemi varsa, bu da onun nitq inkişafını ləngidə bilər.
Emosional yoxsulluq olduqda, yəni güvən hissinin olmaması və ya uşağın özünü mühitdə rahat hiss etməməsi nitq inkişafına mənfi təsir göstərə bilər. Məsələn, uşaq danışarkən ətrafdakı insanlar ona gülərsə, o, zamanla özgüvənini itirə bilər və danışmaqdan çəkinə bilər. Tez-tez xəstələnmə və dərman qəbuluda müxtəlif xəstəliklər və xüsusilə antibiotiklərin çox istifadəsi bəzi hallarda uşağın inkişafına, o cümlədən nitqinin formalaşmasına təsir edə bilər.
Ümumiyyətlə, iki yaşdan beş yaşa qədər uşaqlar danışmağa başlayırlar. Əgər uşaq altı aylığında və ya bir yaş üç aylığında sadə göstərişlərə (məsələn, “gəl” dedikdə) reaksiya vermirsə və ya fırlanan əşyalara həddindən artıq fokuslanırsa, barmaq ucunda gəzməyə meyillidirsə, bu, autistik spektr pozuntularına işarə edə bilər. Bu halda erkən müdaxilə mütləq vacibdir. Həmçinin hazırda nitq geriliyi ilə yanaşı, autistik pozuntularla bağlı müraciətlərin sayı da çoxdur".
Psixoloq qeyd etdi ki, beyində inkişaf gecikdikdə nitq də ləngiyir və bu, nitq problemlərinin təkcə dil və danışıqla deyil, ümumi inkişafla da bağlı olduğunu göstərir.
Elnurə Kərimova
17:38 08.02.2025
Oxunuş sayı: 5608