Əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı qanun dəyişir – HANSI YENİLİKLƏR VAR?

Azərbaycanda əlilliyi olan şəxslərin iqtisadi fəallığını artırmaq və onlara vergi inzibatçılığında asanlıq yaratmaq məqsədilə yeni qanun layihəsi qəbul olunub. Milli Məclisin yaz sessiyasının ilk iclasında “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib. Bu dəyişikliklər əlilliyi olan şəxslərin əl işlərinin satışına tətbiq olunan vergi sistemini sadələşdirir və onlar üçün xüsusi elektron portalın yaradılmasını nəzərdə tutur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, son dövrlərdə əlilliyi olan insanların məşğulluğunun təmin edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Ruslan Atakişiyevin sözlərinə görə, bu tədbirlər onların əl işlərinin tanıdılması, bacarıqlarının inkişaf etdirilməsi, əl işlərinin satış imkanlarının genişləndirilməsi və sosial inteqrasiyalarının gücləndirilməsi məqsədini daşıyır.
Bu çərçivədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə DOST mərkəzlərinin nəzdində inklüziv mərkəzlər yaradılıb. Atakişiyev qeyd edib ki, həmin mərkəzlərdə əlilliyi olan şəxslər müxtəlif sənətkarlıq işləri ilə məşğul olur, müraciətlərini təqdim edir və bu sahədə daha geniş fəaliyyət göstərmək imkanı qazanırlar. Bununla da onların əl işləri sahibkarlıq fəaliyyətinə çevrilir.
O vurğulayıb ki, bu təşəbbüs sayəsində əlilliyi olan şəxslər öz bizneslərini qurmaq imkanı əldə edirlər və bu, onların sahibkarlıq fəaliyyətinə xüsusi yanaşmanı zəruri edir. “Çünki bu, həssas sosial qrupların sahibkarlığa inteqrasiyasına töhfə verməklə yanaşı, onların iqtisadi müstəqilliyini də təmin edir,” – deyə Atakişiyev bildirib.
Eyni zamanda, qanunvericiliyə edilən dəyişikliklər – xüsusilə sosial müdafiə və sahibkarlıqla bağlı tənzimləmələr – bu şəxslərin sahibkarlıq fəaliyyətini daha da asanlaşdırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu dəyişikliklər əlilliyi olan şəxslərə əlavə dəstək olmadan öz işlərini rahatlıqla qurmaq və inkişaf etdirmək imkanı yaradır.
Nihat Tahirov
18:40 07.02.2025
Oxunuş sayı: 6289