Ruandada dəhşətli soyqırım

1994-cü ildə Ruandada baş verən vəhşiliklər tarixin ən qanlı soyqırımlarından biri kimi yadda qalıb. 6 aprel 1994-cü ildə Ruanda prezidenti Jüvenal Habyarimana və Burundinin prezidenti təyyarə qəzasında həlak oldu. Bu hadisə Hutuların Tutsi etnik qrupuna qarşı başladığı qətliamın əsas bəhanəsi oldu.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ruandada əsrlər boyu iki əsas etnik qrup—Hutular (85%) və Tutsilər (14%) yaşayırdı. Belçika müstəmləkəçiləri əvvəlcə Tutsiləri üstün tutmuş, bu isə Hutular arasında paxıllıq və nifrət hisslərinin yaranmasına səbəb olmuşdu. Müstəqillik əldə edildikdən sonra isə Hutular hakimiyyətə gəldi və etnik gərginlik daha da artdı.
Soyqırımdan əvvəl hökumət və “İnterahamwe” adlı ekstremist qruplar Tutsilərə qarşı nifrət təbliğatını gücləndirdi. Dövlət tərəfindən idarə olunan “RTLM” radiosu açıq şəkildə Tutsiləri “tarakan” adlandırır və onların öldürülməsinə çağırırdı.
Təyyarə qəzasından dərhal sonra Hutular Tutsiləri və onlara dəstək verən mülayim Hutuları hədəf almağa başladılar. Dəhrələr və digər primitiv silahlarla yüz minlərlə insan qətlə yetirildi. Cəmi 100 gün ərzində təxminən 800.000-dən çox insan öldürüldü.
Bu qətliam beynəlxalq ictimaiyyətin passiv müşahidəsi altında baş verdi. Soyqırım yalnız Ruanda Vətənpərvər Cəbhəsinin (RPF) ölkəyə nəzarəti ələ keçirməsi ilə sona çatdı. Bu faciə beynəlxalq hüquq və insan haqları sahəsində dərs olaraq qalır.
09:57 06.02.2025
Oxunuş sayı: 2769