Poliqlot: “Çoxlu dil öyrənmək, sürətli düşünməyə imkan verir”

Bugünkü qlobal dünyada, informasiya və kommunikasiya texnologiyalarının inkişafı sayəsində insanlar bir-birilə daha çox əlaqə qurur və mədəniyyətlər arasında sərhədlər azalır. Bu dinamik mühitdə bir neçə dili eyni anda öyrənmək, həm şəxsi inkişaf, həm də peşəkar sahədə böyük üstünlüklər təmin edir. Bəs bir neçə dili eyni zamanda öyrənmək insanlara necə təsir edir?
Bu mövzu ilə bağlı fikirlərini poliqlot Emin Quliyev Crossmedia.az-a açıqlamasında bildirib:
"Koqnitiv sahədə məşğul olan alimlərinin fikrinə görə çox dil bilmək və ya öyrənmək beynin qocalmağının qarşısını alır. Mən özüm də bunun çox müsbət tərəflərini gördüm. Yəni eşitdiklərimi, gördüklərimi tez unutmuram. Yaşımın 47 olmasına baxmayaraq, yaddaşım çox itidir. Bundan başqa dil öyrənmək beynin daha yaradıcı olmasına kömək olur. Çoxlu dil öyrənmək, sürətli düşünməyə imkan verir, bu səbəbdən mən həm də yazıçıyam. Hətta çap olunma mərhələsində olan, ingilis dilində min romanım var".
E.Quliyev hansı yaşda çoxlu dil öyrənməyin daha keyfiyyətli olmasından da danışıb:
"Düşünürəm ki, bir şeyi öyrənməyin yaşı yoxdur, təki insan fizioloji olaraq sağlam olsun. Sadəcə olaraq, insanın 12-13 yaşına qədər ikinci dili öyrənməməyinin tərəfdarıyam. Çünki uşaqlarda ətraf mühitin qavrayışı mütləq bir dil üzərində qurulmur, fikir haçalanması olur. Bununla da insanların düşünmə sürəti zəifləyir. Nəticə olaraq öz ana dilini yaxşı qavramaq, hər insan üçün vacibdir. Birinci dil şəxs üçün bir sıra mühüm məsələlərdə daha böyük əhəmiyyət daşıyır. Məsələn insanın ana dilində təhsil alması, ətraf-mühiti qavrayışını və həyata baxışını təmin edir. Çünki birinci dil insanın sanki əməliyyat sistemidir. Onun düşüncələri dilinin ələyindən keçir. Hətta yol gedərkən belə, nəsə düşünülürsə, insanın istər-istəməz dodaqları tərpənir və o, nəsə deməyə çalışır, sanki danışmadan düşünə bilmir".
E.Quliyevin dünya dillərinə vahid qrammatika gətirməyi ilə bağlı "Praktik Universal Qrammatika" adlı nəzəriyyəsi var ki, hamısı "Poliqlotun əl kitabı"nda hazırlanır. Hər birinə 25 dil daxil olacaq, ümumilikdə 125 dili əhatə edəcək.
Aysel Ağakərimova
17:50 28.01.2025
Oxunuş sayı: 5267