Azərbaycanın əsas informasiya agentliklərindən birinə kiberhücum - Mətbuat Şurasının sədri açıqlama verdi

Yanvarın 27-də Azərbaycanın əsas xəbər subyektlərindən olan “Trend” İnformasiya Agentliyinə kiberhücum olub. Bu hadisə, agentliyin fəaliyyətini və təhlükəsizliyini təhdid edən ciddi bir vəziyyət olaraq gündəmə gəlib. Kiberhücum nəticəsində agentliyin məlumat bazalarına və ya veb resurslarına ziyan dəyməsi ehtimalı var.
Kiberhücum, rəqəmsal sistemlərə və şəbəkələrə icazəsiz giriş və ya ziyan vurmaq məqsədilə edilən hərəkətlərdir. Bu hücumlar müxtəlif formalarda ola bilər: məlumatların oğurlanması, sistemlərin pozulması, xidmətlərin dayandırılması və ya istifadəçilərin məlumatlarının manipulyasiyası. Kiberhücumlar, həm şəxsi istifadəçiləri, həm də təşkilatları hədəf alaraq ciddi təhlükəsizlik təhdidləri yaradır. Bu cür hücumlar zamanı məlumatların məxfiliyi və bütövlüyü təhlükə altına düşə bilər, həmçinin təşkilatların fəaliyyətinə böyük ziyan vurula bilər.
Saytların təhlükəsizliyi ilə bağlı Crossmedia.az-a Mətbuat Şurasının sədri Rəşad Məcid açıqlama verib.
Onun sözlərinə görə, məsələ müəyyən mənada fərdi xarakter daşıyır: “Hər bir informasiya daşıyıcısı, ilk növbədə, özünü qorumalı, təhlükəsizliyə diqqət etməli, mövcud istiqamətdəki texniki məsələləri ciddi şəkildə nəzərə almalıdır. Digər tərəfdən, əlbəttə, ümumən Azərbaycanın informasiya məkanının təhlükəsizliyi məsələsi var. Buna müvafiq qurumlarımız məsuliyyət daşıyırlar və hesab edirəm ki, onlar öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Bir məqamı da qeyd etməliyəm ki, informasiya texnologiyalarının sürətli inkişafı, istər-istəməz, mövcud sahədə obyektiv çətinliklər yaradır. Nəzərə alaq ki, indiki şəraitdə Azərbaycana qarşı xaricdən siyasi məqsədli kiber hücumlar da həyata keçirilir. Ötən illərdə də bu kimi xoşagəlməz hallar olub”.
Sədr həmçinin kiberhücumun Fransa və Ermənistanın həyata keçirməsi iddiası barədə danışıb:
“Nəzərə almalıyıq ki, indi müharibələr və mübarizələr məzmununu, aparılma forma və üsullarını dəyişib. İnfodiversiyalar güclənib. Şübhəsiz ki, “Trend” Beynəlxalq İnformasiya Agentliyinə və “Day.az” saytına kiberhücumlar da bunun nəticəsidir. İddialar var ki, bu hücumlar Fransa və Ermənistandan edilib. Şübhələnmək üçün əsaslar yetərincədir. Çünki hər iki ölkə hazırda Azərbaycana qarşı barışmaz mövqe tutur. Mətbuat Şurası məsələni diqqətdə saxlayır”.
Fidan Hacızadə
16:20 28.01.2025
Oxunuş sayı: 3432