Uşaq yox, Ev Heyvanı! – Yeni nəsil valideynlik trendi

ABŞ-də aparılan bir araşdırmaya görə, Z və Y nəsilləri uşaq sahibi olmaq əvəzinə ev heyvanlarına qulluq etməyə üstünlük verirlər. Bu meyillə yanaşı, baytarlıq peşəsinə olan marağın da sürətlə artdığı müşahidə olunur.
İkinci Dünya Müharibəsindən sonra doğulan nəsil ABŞ-də yaratdığı əhali artımı ilə tarixə düşdü. 1950-ci illərdə doğum səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldən bu nəsil “baby boomer” (partlayış nəsli) adlandırıldı. X nəsli də bu tendensiyanı davam etdirdi. Lakin Z və Y nəsilləri uşaq sahibi olmaq məsələsinə fərqli yanaşırlar.
Yeni nəsillər uşaq sahibi olmaq əvəzinə ev heyvanları saxlamağa üstünlük verirlər. Pew Araşdırma Mərkəzinin hesabatına görə, ABŞ-da gələcəkdə uşaq sahibi olma ehtimalının az olduğunu düşünənlərin sayı 10% artıb. 2018-ci ildə bu göstərici 37% olduğu halda, hazırda 47%-ə yüksəlib. Sorğuda iştirak edən amerikalıların 36%-i uşaq böyütməyin iqtisadi baxımdan həddindən artıq baha olduğunu bildirib. Uşaq böyütmək istəməyən yeni nəsil bunun əvəzinə pişik və it kimi ev heyvanlarına yönəlir. ABŞ-dakı ailələrin 45%-də it, 32%-də isə pişik saxlanılır.
Z nəsli ev heyvanlarına ayda orta hesabla 178 dollar xərcləyir. Müqayisə üçün qeyd edək ki, 1950-ci illərdə “boomer” nəsli hətta ipoteka kreditlərinə belə bu qədər vəsait ayırmırdı.
Mütəxəssislərə görə, bu dəyişikliyin əsas səbəbi iqtisadi şərtlərdir. Günümüzdə ev sahibi olmaq və uşaq böyütmək xeyli bahalaşıb. Ev heyvanlarına qulluq isə daha sərfəli və əlçatan bir seçim kimi görünür.
Z və Y nəsillərinin ev heyvanlarına bağlılığının artması baytar həkimlərə olan tələbi də yüksəldib. Indeed platformasının “2025-ci ilin Ən Yaxşı Peşələri” siyahısında baytarlıq peşəsi birinci yerdə qərarlaşıb.
Ev heyvanlarına olan marağın artması baytar həkimlərin maaşlarının yüksəlməsinə və bu peşəyə olan marağın sürətlə genişlənməsinə səbəb olub.
Maral Şahverdili
02:29 26.01.2025
Oxunuş sayı: 4426