İmişlidəki qəzada yaralanan məktəbli xəstəxanada ölüb
- Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan azyaşlı vəfat edib.
- Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
- Bildirilib ki, Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb.
- 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanıb, döş qəfəsi balonu yerləşdirilib.
- Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.
- Qeyd edək ki, Dövlət Yol Polisinin avtomobili xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqları vurub. Hadisə yerində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı. Hadisə ilə bağlı cinayət işi açılıb.
11:13 22.01.2025
Oxunuş sayı: 742