CROSSMEDIA - Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib
Əmək və sosial siyasət

Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, iclası açan komitə sədri Musa Quliyev yeni sessiyada komitə üzvlərinə uğurlar diləyib və gündəlik barədə məlumat verib.

Komitə sədri iclasın gündəliyinə 4 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə gündəliyin birinci məsələsini - Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 14 iclası keçirilib və həmin iclaslarda bir sıra məsələlərlə yanaşı, 10 qanun layihəsi müzakirə edilib. Hesabat dövründə komitəyə daxil olan 178 ərizə, şikayət və müraciətin hamısı araşdırılıb və müvafiq tədbirlər görülüb.

Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə Musa Quliyev bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Gündəlikdəki qanun layihələri barədə məlumatı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib. O, bildirib ki, üçüncü məsələ olan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əmək pensiyasının minimum məbləğinin 2025-ci ilin fevralın 1-dən 320 manat məbləğində müəyyən olunması təklif olunub.

Adil Vəliyev gündəliyin dördüncü məsələsi olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verərkən vurğulayıb ki, sənədin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir. Belə ki, layihədə əlilliyi olan şəxslərin əl işlərinin satışının həyata keçirilməsi üçün dəstəkləyici tədbirlər, həmin əl işlərinin satışından əldə olunan gəlirlərə vergi güzəştləri və digər məsələlər nəzərdə tutulub.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Elşad Musayev, komitə üzvləri Ziyad Səmədzadə, Vüqar Bayramov, Jalə Əliyeva, Əziz Ələkbərov, Nigar Məmmədova çıxış ediblər, qeyd və təklifləri bildiriblər.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, qanun layihələri isə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda deputatlar Bədəl Bədəlov, Sevinc Hüseynova, Göydəniz Qəhrəmanov və digər rəsmi şəxslər iştirak ediblər.

17:53 21.01.2025

Oxunuş sayı: 859

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR