Burun dolğusu və zərərləri - AÇIQLAMA
Son zamanlar estetik əməliyyatla üzündə, bədənində dəyişiklik edənlərin sayı artıb. Bunların içərisində ən geniş yayılanı isə burun əməliyyatıdır. Əməliyyata maddi gücü çatmayanlar kosmetoloqların köməyi ilə dolğulardan istifadə edərək burunlarının görkəmini dəyişirlər.
Burun dolğusunun orqanizmə təsiri haqqında həkim-kosmetoloq Xatirə İsmayılova Crossmedia.az-a açıqlama verib. Həkim-kosmetoloq qeyd edib ki , dolğunun qalıcılığı orqanizmdən asılıdır:
"Burun dolğusu son zamanlar ən çox müraciət olunan prosedurdur. Deformasiyalı burunlara iki seansda dolğu edilir. Ən çox xanımların müraciət etdiyi bu prosedurda əksər pasientlər düşmüş burunu daha dik və kəmər nahiyəsində olan qarbinkanı aradan qaldırılmasını istəyirlər. Dolğunun qalıcılığı orqanizmimdə olan lidaza fermentinin çoxluğu və azlığından irəli gəlir. Qalıcılığı bir il, il yarım kimi vaxtlara təsadüf edir".
Həkim-kosmetoloq burun əməliyyatı ilə burun dolğusunun fərqini izah edib:
"Burun dolğusu ilə əməliyyatın fərqi ondan ibarətdir ki, həcmcə böyük burunlara dolğuyla müdaxilə etməyin faydası yoxdur. Bu tip burunu olan pasientləri estetik cərrahlara yönləndiririk. İkinci fərq ondan ibarətdir ki, biri ömürlük olur, digəri maksimum iki il qalıcı olur".
Kosmetoloq burun dolğusu orqanizmə zərərlərini qeyd edib:
"Burun dolğusu zamanı vacib şərtlər düzgün seçilmiş burun dolğusu, düzgün işləmə texnikası və bu işdə təcrübəli olan mütəxəssis tapmaqdır. Orqanizmdə yaratdığı zərərlər burun nekrozu, işemiyadır. Burunda arterial damarlar və xırda kapilyarlar mövcuddur hansı ki, həmin arterial damarlar yuxarı doğru gedir və kapilyarlar şəklində orbukalis okuli istiqamətində göz ətrafında şaxələnir, həmən kapilyarlar burundan keçən arterial damarlar ilə qidalanır və fəaliyyət göstərir. Buruna dolğu ineksiya edilən zaman mütləq şəkildə aspirasiya edilməli, damardayıq ya yox onu kontrol etməli , damardayıqsa təcili surətdə iynə geri çəkilməlidir. Qəti şəkildə dolğunu damara vurmaq olmaz, bu zaman damar tutular, işemiya əmələ gələr, gözlərə gedən kapilyarlar fəaliyyətini dayandırar nəticədə korluğa qədər fəsad verər.
İkinci bir tərəfdən dolğunun miqdarı çox olarsa bu zaman burunda mövcud olan kapilyarlar sıxılar və "nekroz" dediyimiz çürümə yarana bilər. Bir çox kosmetoloqlar burun dolğusu proseduru etməkdən çəkinirlər, fikrimcə, düz edirlər. İnsanların gözəlliyi ilə yanaşı sağlamlıqları da biz həkim-kosmetoloqların məsuliyyətində olduğu üçün son dərəcə diqqətli olmalıyıq".
Zeynəb Mustafazadə
08:50 16.01.2025
Oxunuş sayı: 3964