Gündəm

Makronun reytinqi tarixi minimuma yaxınlaşır: Uğursuz siyasətlərin nəticəsi - ŞƏRH

Fransa Prezidenti Emmanuel Makronun populyarlıq reytinqi ilin əvvəlində 21 faizə enib. Bu, onun siyasi karyerasındakı ən dərin böhranlardan birini əks etdirir. “İpsos” şirkətinin sorğuları göstərir ki, Makronun siyasəti nəinki ölkə daxilində etimad qazana bilmir, hətta beynəlxalq arenadakı müdaxilələri də tənqidlərin əsas hədəfinə çevrilib. Onun dövlətlərin daxili işlərinə qarışması, qeyri-populyar iqtisadi islahatları və elitist yanaşması təkcə Fransada deyil, xaricdə də qıcıq doğurur.

Makronun rəhbərliyi altında Fransa, digər dövlətlərin daxili işlərinə müdaxilə etməklə beynəlxalq münasibətlərdə gərginlik yaradıb. Ölkədə isə sosial problemlər həllini tapmır, iqtisadi çətinliklər isə cəmiyyətin daha da qütbləşməsinə səbəb olur.

“Bakı Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev məsələyə dair Crossmedia.az-a olan açıqlamasında Makronun populyarlıq reytinqinin aşağı düşməsini həm daxili, həm də xarici siyasətdəki uğursuzluqlarla əlaqələndirir: “Makronun reytinqinin aşağı düşməsi bir tərəfdən onun daxili siyasəti, digər tərəfdən isə xarici siyasəti ilə bağlıdır. Hər iki istiqamətdə Fransa ciddi problemlərlə üzləşir. Ölkə daxilində işsizlik, sosial-iqtisadi və mənəvi böhran mövcuddur. Ölkədə müxalif mövqelər güclənir və vətəndaşların narazılığı artmaqdadır. Bu isə ictimai həmrəyliyin zəifləməsinə, sosial sabitliyin pozulmasına gətirib çıxarır”.

Fransanın keçmiş müstəmləkələri ilə yaşadığı problemlərə toxunan politoloq vurğulayıb ki, Makron həmin ölkələrdə müstəqillik hərəkatlarını zor gücünə yatırmağa çalışır və bu, həmin regionlarda insanların ölümlərinə və təzyiqlərin davam etməsinə səbəb olur: “Bu yanaşma Fransa ilə həmin ölkələr arasındakı problemləri daha da dərinləşdirir. 

Makronun beynəlxalq siyasətdəki uğursuzluğu, xüsusilə də Ukrayna və Cənubi Qafqaz siyasətində, onun nüfuzuna ciddi zərbə vurur. Fransa prezidenti böyük iddialarla hakimiyyətə gəldiyini desə də, bu iddiaların heç bir qismini reallaşdıra bilməyib. Xüsusilə Almaniyanın keçmiş kansleri Angela Merkel hakimiyyətdən gedəndən sonra Makron Almaniyanı və Avropanı birləşdirəcək lider olmağa cəhd göstərdi. Lakin daxili inteqrasiyanı gücləndirə bilmədi, əksinə, Avropa dövlətləri arasında rəqabət daha da artdı”.

Analikin sözlərinə görə, Fransada son bir neçə ildə sabit hökumətlərin formalaşa bilməməsi ölkənin iqtisadi vəziyyətinə mənfi təsir edir: “Son bir il yarımda Fransada sabit xalq hökumətləri demək olar ki, formalaşa bilmir. Sabit hökumətlərin olmaması isə birbaşa ölkənin iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Sarı Jiletlilər Hərəkatı və fermerlərin etirazları Makronun iqtisadi siyasətindəki çatışmazlıqların nəticəsidir. Bu hərəkat məhz sosial-iqtisadi tələblərlə bağlı idi. Daha sonra Fransa fermerlərin böyük etirazlarının mərkəzinə çevrildi. Bu isə kənd təsərrüfatının lazımi səviyyədə təşkil olunmaması və dövlət siyasətinin bu sahədəki çatışmazlıqlarının nəticəsi idi. Makronun daxili siyasəti də ciddi tənqidlərə səbəb olur. Cəmiyyətin qütbləşməsi, siyasi qüvvələrin bir araya gələ bilməməsi və miqrantlara qarşı yanlış siyasət ölkədə gərginliyi artırır. “Ölkədə siyasi ideologiyalar arasında kəskin qütbləşmə yaranıb. Makron özünü mərkəz-sağ meylli siyasi qüvvənin nümayəndəsi kimi təqdim etsə də, heç bir siyasi moderatorluq gücünə və qabiliyyətinə malik deyil”.

A. Quliyev, Makronun İslama və Azərbaycana qarşı fobiyasını da tənqid edib: “Digər dinlərə, xüsusən də İslama qarşı fobiya yüksək həddə çatıb ki, bu, siyasi baxımdan yolverilməz bir yanaşmadır. Eyni zamanda, Azərbaycana qarşı fobiya da yüksək səviyyədə özünü büruzə verir. Bütün bu amillər, Makronun uğursuz siyasətinin və yanlış siyasi kursunun nəticəsidir”. 

Nihat Tahirov

07:48 14.01.2025

Oxunuş sayı: 2854

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR