Prezident Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayırıb


Gəncə
Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey
ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış
məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə
reallıqlarının əks etdirilməsi məqsədilə qərara alıram:
1. Gəncə
şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin
tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Azərbaycan
Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon (on milyon beş yüz min) manat
vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
13:25 30.07.2025
Oxunuş sayı: 1924