Mikayıl Müşfiqi Mircəfər Bağırov şəxsən güllələdi – Şok detallar
Mikayıl Müşfiqin ölümü ilə bağlı araşdırmamız davam edir. Yeni əldə etdiyimiz fakt Mikayıl Müşfiqin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırov tərəfindən birbaşa güllələndiyidir. Bunu mediaya müsahibəsində Mikayıl Müşfiqin yaxın qan qohumu Vahab İsmayılzadə də deyib. O müsahibəsində qeyd edib ki, atama danışmışdılar ki, Mircəfər Bağırov özü bir dəfə Müşfiq əmimin kamerasına girib: “Onunla danışıb. Ondan soruşub ki, səni incitmirlər? Müşfiq də cavab verir ki, yox. Mircəfər də istehza ilə deyir ki, üz-gözündən görürəm. Bütün sifəti partlaq-partlaq imiş, dırnaqlarını çıxarıbmışlar. İşgəncə görsə də, Mircəfərə şikayət eləməyib. Mircəfər çıxanda deyib ki, sənin dilini açmağın yolunu taparam. Bu görüşdən sonra onu başqa kameraya köçürürlər. Kameranın yeri şüşə qırıqları ilə dolu imiş, orda yatıb, orda dururmuş. Mircəfər Bağırov bu kamerada da ona baş çəkir. Qapı açılanda Müşfiq ona nə deyir, nə demirsə Mircəfər tapançanı çıxarıb birinci gülləni vurur. Yanındakı da kontrol gülləsini başından vurur”. Məhz bundan sonra Müşfiqin dənizə atıldığı qeyd edilir.
Şair, ədəbiyyatşünas Vüqar Əhməd məsələ ilə bağlı Crossmedia.az-a
açıqlama verib:
“Müşfiq böyük şairdi. 29 yaşında çox nadir hallarda bu qədər böyük ədəbi irs qoymaq olur. O, yeganə şairimizdir ki, onu həm bütün ədəbi cameə, həm də xalq sevir. Bir fakt oxumuşdum. Müşfiqlə eyni kamerada olan yoldaşı danışırdı. O, deyirdi ki, Mircəfər Bağırov gəlib məhbusların saxlanıldığı kameraya girir: "Yan kamerada da bir nəfərin dırnaqlarını çəkirdilər. Mikayıl da ürəyi yumşaq adamdır, şairdir. Yoldaşı deyir ki, bəlkə də Bağırov onu bağışlayardı. Amma o içəri girəndə Müşfiq qışqırır ki, sən qaniçənsən, canisən, alçaqsan. Mircəfər də silahını çıxarıb kamerada Mikayılı başından vurur". Müşfiqi orada öldürüb nəşini də dənizə atırlar. Bəziləri deyir ki, divara hörülüb, başqa versiyalarda var. Mən isə bu fakta inanıram ki, Müşfiqi Mircəfər öldürüb.Onunla bir kamerada yatan adamdır bu, başqa kimə inanmaq olar ki? Nəşi də dənizə atılıb, dənizə atılan nəşi də tapmaq mümkün deyil".
13:41 09.09.2026
Oxunuş sayı: 95