Gündəm

Fransanı Afrikadan qovurlar - fransız hegemoniyasına son  qoyulur

Afrika qitəsində yeni bir oyanış dalğası müşahidə olunur. Sahel dövlətləri, xüsusilə Burkina-Faso, Mali və Niger, imperializmə qarşı mübarizənin ön cəbhəsində yer alır. Bu ölkələr, xarici qüvvələrin, xüsusilə Fransanın, regionda apardığı siyasəti kəskin tənqid edərək, müstəqilliklərini və ərazi bütövlüklərini qorumaq üçün ciddi addımlar atırlar.

Burkina-Fasonun keçid dövrü Prezidenti İbrahim Traore soydaşları ilə görüşdə Fransa və digər imperialist qüvvələrin bölgədəki mövcudluğunu sərt tənqid edib. Traore bildirib ki, imperializm terrorizmi alətə çevirərək Afrikanı boyunduruq altında saxlamağa çalışır: “Biz bu müharibədə qalib gələcəyik və bölgəmizdə imperializmin oyunlarına son qoyacağıq”.

Fransanın Sahel bölgəsindəki hərbi və siyasi fəaliyyəti uzun müddətdir mübahisə mövzusudur. Paris, terrorizmlə mübarizə adı altında bölgədə hərbi baza saxlayır, lakin yerli liderlər və əhali bu mövcudluğu neokolonial siyasətin davamı kimi görür.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Könül Nurullayeva qeyd edir ki, Fransanın Sahel bölgəsində hərbi qüvvələr saxlaması Afrikanın müstəqillik yolunda ciddi maneələr yaradır. Onun sözlərinə görə, “Xarici hərbi kontingentin olduğu bir ölkə tam müstəqil sayıla bilməz. Hərbi qüvvələrin mövcudluğu Afrikada müstəmləkəçilik irsinin davamıdır və bu, özünü siyasi parçalanma, iqtisadi istismar, mədəni məhvetmə, sosial və iqtisadi bərabərsizliklə göstərir. Ona görə də yerli əhali bu əsarətdən qurtulmaq istəyir”.

Deputat əlavə edir ki, Fransa Afrikadakı hərbi varlığını sürətlə itirməkdədir: “Makron hakimiyyətə gəldikdən sonra 2020-ci ildə 5 Sahel ölkəsinin rəhbəri ilə görüş keçirmişdi. İndi isə həmin rəhbərlərdən yalnız biri – Mavritaniya prezidenti Məhəmməd Qəzvani hakimiyyətdədir. Digər ölkələrdə dövlət çevrilişləri baş verib və Fransaya münasibət kəskin şəkildə dəyişib”.

Fransanın Afrikada zəifləyən mövqeyi digər ölkələrdə də öz əksini tapır. “Kot-d'İvuar da Fransa ordusunun ‘mövcudluğunun arzuolunmazlığını’ rəsmi olaraq elan edən növbəti Afrika ölkəsi oldu. Ümumiyyətlə, Afrikadakı keçmiş koloniyaların 70 faizindən çoxunda Fransanın hərbi mövcudluğu sona çatır,” – deyə Nurullayeva vurğulayır.

Burkina-Faso, Mali və Niger arasında qurulan Sahel Dövlətləri Alyansı bu bölgələrin xarici hegemoniyaya qarşı birlikdə fəaliyyət göstərmək istəyini nümayiş etdirir. Alyansın yaradılması təkcə regionun təhlükəsizlik arxitekturasına deyil, həm də geosiyasi xəritəyə təsir edə bilər.

K.Nurullayeva qeyd edir ki, Alyansın məqsədi Liptako-Qurma bölgəsində terrorizm, separatizm və iqtisadi geriliyin qarşısını almaq, həmçinin Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin mümkün hərbi müdaxilələrinə qarşı müdafiə təmin etməkdir: “Bu, tarixi əlaqələrin davamıdır. Əslində, 1970-ci ildə də Mali, Burkina-Faso və Niger arasında birgə iqtisadi inkişaf və təhlükəsizliyin təmin edilməsi məqsədilə memorandum imzalanmışdı”.

Afrika ölkələrinin müstəqillik yolunda daha çox siyasi və iqtisadi iradə nümayiş etdirməsi önəmlidir. Deputat hesab edir ki, “Afrika xalqları çoxsaylı ittifaqları qalib diplomatiyaya çevirməklə uğur qazana bilər”.

K.Nurullayeva həmçinin Bakı Təşəbbüs Qrupunun fəaliyyətini xüsusi qeyd edir: “Bu təşəbbüs, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının beynəlxalq səviyyədə tanınmasına, tarixi ədalətsizliklərin aradan qaldırılmasına və bu xalqların azadlıq mübarizəsinə dəstək vermək məqsədilə fəaliyyət göstərir. Bu, Afrika xalqlarına azadlıq yolunda stimul verir”.

Sahel bölgəsindəki dəyişikliklər Afrikanın gələcəyi üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Afrikanın müstəqillik arzuları daha güclü və qərarlı səslənir.

Nihat Tahirov

09:55 11.01.2025

Oxunuş sayı: 6845

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR