ABŞ-də aviasiya rabitəsi niyə sıradan çıxıb?
ABŞ-də hava nəqliyyatının idarə olunması sistemində aparılan yenilənmə yoxlanılaraq təsdiqləndikdən cəmi 8 dəqiqə sonra ölkə üzrə rabitə problemləri yaranıb.
Crossmedia.az xəbər verir ki, "The Washington Post" bu barədə məlumat yayıb.
Bildirilib ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) əməkdaşı Arkanzas ştatında rabitə şəbəkəsinin yenilənməsi işlərinə nəzarət edib, sistemi sınaqdan keçirib və görülən işləri təsdiqləyib.
Yenilənmə çərçivəsində köhnə mis kabellər fiber-optik xətlərlə əvəz edilib və yeni şəbəkə avadanlığı quraşdırılıb.
Lakin işlər təsdiqləndikdən 8 dəqiqə sonra ABŞ-nin hava hərəkətini idarəetmə mərkəzlərində rabitə problemləri başlayıb.
Nasazlıq nəticəsində FAA ölkə üzrə təyyarələrin havaya qalxmasını müvəqqəti dayandırıb. Məhdudiyyətlər təxminən 4 saat yarım davam edib.
Məlumata görə, texniki problem 22 regional hava hərəkətini idarəetmə mərkəzindən 17-sinə təsir göstərib.
Hadisədən sonra FAA oxşar şəbəkə avadanlıqlarının quraşdırılmasını müvəqqəti dayandırıb.
Nasazlığın dəqiq səbəbləri ilə bağlı araşdırma davam etdirilir.
14:05 18.11.2026
Oxunuş sayı: 101