Finlandiya Prezidenti Avropanı Putinlə birbaşa danışıqlara çağırıb
Finlandiya Prezidenti Aleksandr Stubb Avropa liderlərini Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara başlamağa çağırıb.
Crossmedia.az xəbər verir ki, "Financial Times" nəşri bu barədə məlumat yayıb.
Stubb bildirib ki, Avropa uzun müddətdir Rusiya ilə danışıqların aparılmasını ABŞ-nin öhdəsinə buraxıb və bu yanaşmanı məsuliyyətsiz hesab edir.
"Biz çox uzun müddətdir Rusiya ilə danışıqların aparılmasını başqalarına həvalə etmişik. Mən bunu məsuliyyətsizlik hesab edirəm", – deyə Finlandiya Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, artıq danışıqlar üçün müəyyən çərçivə formalaşıb və Avropa liderləri vahid mövqedən çıxış edərək Putinlə birbaşa təmas qurmalıdırlar.
"İndi müəyyən çərçivəmiz olduğu üçün hesab edirəm ki, Avropa liderləri Putinlə birbaşa əlaqə saxlamalı, ona eyni mesajı çatdırmalı və ortaq danışıq tezislərini əsas götürməlidirlər", – deyə Stubb bildirib.
Finlandiya Prezidenti Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazanacağına inanmadığını da qeyd edib.
"Biz başa düşməliyik ki, Rusiya bu müharibədə qalib gəlməyib. Açığı, qalib də gəlməyəcək", – deyə o vurğulayıb.
Stubb hesab edir ki, Avropa ölkələri Ukraynada müharibənin dayandırılması və gələcək təhlükəsizlik təminatları ilə bağlı danışıqlarda birbaşa iştirak etməlidirlər.
Finlandiya liderinin fikrincə, Avropanın vahid mövqedən çıxış etməsi gələcək sülh razılaşmasının formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.
12:56 17.11.2026
Oxunuş sayı: 109