Zelenski: Rusiya Şimali Koreyadan hər ay onlarla ballistik raket alır
Rusiya hər ay Şimali Koreyadan onlarla ballistik raket əldə edir. Bu isə təkcə Ukrayna üçün deyil, Avropa və Koreya yarımadası ətrafındakı ölkələr üçün də ciddi təhlükə yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə noyabrın 16-da keçirdiyi müşavirədən sonra açıqlama verib.
Zelenskinin sözlərinə görə, Ukrayna hərbi kəşfiyyatı Rusiyanın ballistik və qanadlı raket istehsalını artırmaq planları barədə məlumat təqdim edib.
"Təəssüf ki, Rusiya Şimali Koreyadan getdikcə daha çox ballistik raket alır. Söhbət ayda onlarla raketdən gedir. Bu, təkcə Ukrayna üçün deyil, digər ölkələr üçün də ciddi təhlükədir", – deyə o bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, Şimali Koreya istehsalı olan raketlərin müharibədə istifadəsi Pxenyana silahlarını təkmilləşdirmək imkanı yaradır.
"Şimali Koreya ballistik raketlərinin bu müharibədə istifadəsi vasitəsilə öz silahlarını təkmilləşdirir. Bu, Koreya ətrafındakı bütün region üçün əlavə çətinliklər yaradır. Eyni zamanda, Avropa üçün də təhlükədir", – deyə Zelenski vurğulayıb.
O bildirib ki, Rusiyanın Şimali Koreya kimi hərbi tərəfdaşı olduğu bir şəraitdə Ukraynanın da müvafiq silahlarla təmin edilməsi vacibdir.
Zelenski Almaniya, Fransa, Böyük Britaniya və İtaliya ilə Ukraynaya əlavə raket sistemlərinin verilməsi məsələsinin müzakirə olunduğunu açıqlayıb.
Prezidentin sözlərinə görə, Rusiyanın raket hücumlarına qarşı effektiv mübarizə aparmaq üçün Ukraynaya daha geniş hərbi imkanlar lazımdır.
10:57 17.11.2026
Oxunuş sayı: 105