Everest yaxınlığında iki helikopter toqquşub
Nepalda Everest dağı yaxınlığında iki helikopterin eniş zamanı toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən bu barədə məlumat yayıb.
Hadisə noyabrın 3-də səhər saatlarında ölkənin Soluxumbu rayonundakı Periçe helikopter meydançasında baş verib.
Məlumata görə, “Fishtail Air” və “Air Dynasty” şirkətlərinə məxsus helikopterlər eniş zamanı toqquşub.
Qəza nəticəsində Hindistan vətəndaşı olan turist həyatını itirib. Yeni Zelandiya vətəndaşı olan digər turist və nepallı pilot isə yaralanıb.
Yaralıların tibbi yardım üçün xəstəxanaya çatdırıldığı bildirilib.
İlkin məlumatlara əsasən, helikopterlərin pərləri eniş zamanı bir-birinə toxunub. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Qeyd edək ki, Everest bölgəsində helikopterlər turistlərin, alpinistlərin və yüklərin daşınması, eləcə də fövqəladə hallarda təxliyə əməliyyatları üçün geniş istifadə olunur
10:58 03.11.2026
Oxunuş sayı: 79