Hindistanda su layihəsinə etiraz: Kəndlər və evlər su altında qalıb
Hindistanın Madhya-Pradeş ştatında iki çayın birləşdirilməsini nəzərdə tutan irimiqyaslı dövlət layihəsi yerli sakinlərin etirazına səbəb olub.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Ken və Betva çaylarının birləşdirilməsi layihəsi quraqlıqdan əziyyət çəkən bölgələrin su ilə təminatını yaxşılaşdırmaq və milyonlarla fermerə dəstək göstərmək məqsədi daşıyır.
Lakin layihə çərçivəsində aparılan tikinti işləri nəticəsində suyun səviyyəsi yüksəlib, bəzi kəndlər, yaşayış evləri və yerli məbəd su altında qalıb.
Sakinlər hökumətin təklif etdiyi kompensasiyanın itirdikləri əmlakı və yaşayış şəraitini bərpa etmək üçün kifayət etmədiyini bildirirlər.
Etirazçılardan bəziləri narazılıqlarını nümayiş etdirmək məqsədilə simvolik dəfn mərasimləri təşkil edərək tabut əvəzinə hazırlanmış konstruksiyaların üzərində uzanıblar.
Yerli sakinlər evlərini və torpaqlarını tərk etmələri müqabilində ədalətli təzminat və yeni yaşayış yerləri tələb edirlər.
Hindistan hökuməti isə kompensasiyaların artırıldığını və hüququ olan ailələrin 90 faizindən çoxuna ödəniş edildiyini bildirir.
Layihə ekoloqların da narahatlığına səbəb olub. Mütəxəssislərin fikrincə, tikilməsi planlaşdırılan Daudhan bəndi təxminən 9 min hektar ərazinin su altında qalmasına gətirib çıxara bilər.
Bu ərazilərə nadir heyvan növlərinin yaşadığı Panna Pələng Qoruğunun bir hissəsi də daxildir.
Ekoloqlar meşələrin məhv olması, vəhşi təbiətə zərər dəyməsi və layihənin elmi əsaslandırılması ilə bağlı suallar qaldırırlar.
Hökumət rəsmiləri isə layihənin uzunmüddətli su çatışmazlığını aradan qaldıracağını, kənd təsərrüfatının inkişafına və elektrik enerjisi istehsalına töhfə verəcəyini bildirirlər.
Qeyd edək ki, Ken–Betva layihəsi Hindistanın təxminən 30 çayı birləşdirməyi nəzərdə tutan, ümumi dəyəri 87 milyard dollar qiymətləndirilən genişmiqyaslı proqramının ilk mərhələsidir.
07:30 03.11.2026
Oxunuş sayı: 103