İnsanı anlamaq...- ESSE
İnsan münasibətlərində qəribə bir paradoks var: bəzən həyatımıza təsadüfən daxil olan biri bizi illərdir tanıyanlardan daha yaxşı anlayır. Bəzən gündəlik ünsiyyətdə olduğumuz, dərdimizi, sevincimizi, xasiyyətimizi dəfələrlə bölüşdüyümüz insanlar bizi anlamaqda çətinlik çəkirlər. Elə insanlar da var ki, bir neçə söhbətdən sonra nəyi sevdiyimizi, nədən xoşlanmadığımızı, hansı sözün bizə toxunduğunu, hansı davranışın bizi rahatlaşdırdığını hiss edə bilirlər.
Məsələ yaddaşda deyil, əslində. Məsələ diqqətdədir.
Universitetin yanında bir məkan var. Tea- tez gedirəm. Əvvəl özüm də başa düşmürdüm ki, niyə ora getməyə üstünlük verirəm. Son zamanlar anlayıram: Çünki xidmət edənlərdən biri digərlərindən fərqli olaraq cəmi bir neçə dəfədən sonra nəyi necə sevdiyimi öyrəndi, artıq suallar vermədi. Hətta xasiyyətimə də alışdı. Fikirli olduğumu görəndə danışdırmır, kefimin yaxşı olduğunu güman edəndə dialoqa can atır. Elə buna görə ora mənə daha doğma gəlir. Yorulmuram, özümü izah etməyə çalışmıram.
Hərçənd bəzən ən yaxınlarımız bizi buna məcbur edir...
İnsan bir şeyi dəfələrlə təkrarlamaq məcburiyyətində qalanda yorulur. Hər dəfə eyni zövqləri izah etmək, eyni narahatlığı dilə gətirmək, eyni fikri yenidən ifadə etmək bir müddət sonra sözlərin mənasını itirməsinə səbəb olur. Sanki danışırıq, amma səsimiz qarşı tərəfə çatmır. Bizi eşidirlər, ancaq dinləmirlər. Sözlərimizi qəbul edirlər, ancaq bizi anlamağa çalışmırlar.
Halbuki anlamaq həmişə uzun söhbətlər tələb etmir.
Bəzən insanın nə istədiyini bilmək üçün ona onlarla sual verməyə ehtiyac yoxdur. Sadəcə diqqətli olmaq, xırda detalları yadda saxlamaq və davranışlarını müşahidə etmək kifayətdir. İnsanların seçimləri, reaksiyaları, susqunluqları, hətta adi bir məsələyə münasibətləri belə onların xarakteri haqqında çox şey deyir. Əsas məsələ bu detalları görmək istəyidir.
Ən maraqlısı budur ki, bəzən bizi anlamağa xüsusi bir öhdəliyi olmayan insanlar bunu bacarırlar. Onlar həyatımızda xüsusi yer tutmaya, bizimlə bağlı məsuliyyət daşımaya, hətta münasibətlərimiz sırf gündəlik ünsiyyətdən ibarət ola bilər. Amma diqqət göstərirlər. Dediklərimizi yadda saxlayır, seçimlərimizi tanıyır, davranışlarımızın arxasındakı səbəbləri hiss etməyə çalışırlar.
Və insan özünü anlaşılmış hiss edir.
Bu hissin yaranması üçün möhtəşəm jestlərə, böyük vədlərə, uzun-uzadı etiraflara ehtiyac yoxdur. Bəzən qarşındakının sənin nəyi sevdiyini xatırlaması, sən deməmişdən əvvəl nə istədiyini təxmin etməsi, yaxud hansısa məsələdə necə reaksiya verəcəyini düzgün müəyyənləşdirməsi kifayətdir. Çünki belə anlarda insan anlayır ki, onun davranışları kiminsə diqqətindən kənarda qalmayıb.
Bəlkə də, insanın ən böyük ehtiyaclarından biri məhz budur: hər dəfə özünü izah etmək məcburiyyətində qalmamaq.
Ancaq burada incə bir məqam var. Bizi anlayan insanla bizi anlamaq istəməyən insan arasındakı fərq həmişə intellekt, təhsil, yaxınlıq və ya münasibətlərin müddəti ilə ölçülmür. Bəzən uzun illərin gətirmədiyi yaxınlığı bir neçə diqqətli davranış yaradır. Bəzən isə ən yaxın münasibətlər belə insanı özünü dəfələrlə izah etməyə məcbur edir.
Çünki anlamaq yalnız məlumat toplamaq deyil. Anlamaq qarşındakı insana diqqət ayırmaq, onun fərdiliyini qəbul etmək və öz təsəvvürlərini ona zorla qəbul etdirməməkdir.
Bizi anlamaq istəməyən insanlara nə qədər izah etsək də, nəticə dəyişməyə bilər. Çünki bəzi insanlar bizi anlamağa deyil, özlərinin haqlı olduğunu sübut etməyə çalışırlar. Onlar cavab vermək üçün dinləyirlər, başa düşmək üçün yox. Biz isə hər dəfə yeni cümlələr qurur, başqa sözlər seçir, fikrimizi daha aydın ifadə etməyə çalışırıq. Bir müddət sonra yoruluruq və anlayırıq ki, problem ifadə tərzimizdə deyil.
Hər kəsə özümüzü qəbul etdirmək məcburiyyətində deyilik.
Bəzən ən doğru seçim daha az danışmaq, daha az izah etmək və bizi anlamaq üçün səy göstərən insanları fərq etməkdir. Bu, insanlardan uzaqlaşmaq demək deyil. Sadəcə münasibətlərdə diqqətin və qarşılıqlı anlayışın dəyərini bilməkdir.
Axı insanı təsirləndirən həmişə ona deyilən sözlər olmur. Bəzən heç nə demədən onun nəyi sevdiyini xatırlamaq, hansı məsələdə həssas olduğunu hiss etmək, davranışlarının arxasındakı xarakteri görmək daha çox şey ifadə edir.
Və, bəlkə də, insan münasibətlərinin ən gözəl tərəfi budur: kimsə səni anlamaq üçün səndən dəfələrlə danışmağını gözləmir. Sadəcə sənə diqqət yetirir.
Çünki bəzən bir insanı anlamaq üçün yüz sual vermək lazım deyil. Bəzən sadəcə diqqətlə baxmaq kifayətdir.
İnsan hər zaman onu sevənlərin çoxluğuna deyil, yanında özünü izah etmək məcburiyyətində qalmadığı insanların varlığına ehtiyac duyur.
10:00 03.11.2026
Oxunuş sayı: 74