Ünsiyyətdə insanları özünüzdən uzaqlaşdıran 11 ifadə
Bəzi insanlar söhbət zamanı başqalarının hisslərini nəzərə almadan danışır, kobudluqlarını isə səmimiyyət adı altında əsaslandırırlar. Belə ifadələr qarşı tərəfdə narazılıq yarada və münasibətlərə mənfi təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, “YourTango” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, sosial həssaslığın və empatiyanın çatışmazlığı insanlarla ünsiyyəti çətinləşdirən amillərdəndir. Ətrafındakı insanları tez-tez qıcıqlandıran şəxslər söhbətlərində bir sıra nəzakətsiz ifadələrdən istifadə edirlər.
1. “Mən sadəcə dürüstəm”
Bəzi insanlar bu ifadə ilə kobud sözlərinə və davranışlarına haqq qazandırmağa çalışırlar. Psixoterapevt Avrum Vaysın fikrincə, belə danışanlar əslində sözlərinə görə məsuliyyət daşımaqdan yayınırlar.
2. “Niyə hər şeyi bu qədər ciddi qəbul edirsən?”
Bu ifadə qarşı tərəfin narahatlığını əhəmiyyətsiz göstərir. İnsan öz hisslərinin nəzərə alınmadığını düşündükdə inciklik və narazılıq yaşaya bilər. Araşdırmalara görə, diqqətdən kənarda qalmaq insanda özünü dəyərsiz hiss etmək düşüncəsi yarada bilər.
3. “Sakitləşməlisən”
Gərgin anlarda bu sözlər vəziyyəti daha da çətinləşdirə bilər. Psixi sağlamlıq üzrə məsləhətçi Entoni D. Smit bildirir ki, narahat olan insana sadəcə sakitləşməyi söyləmək onda dəstək görmədiyi hissini gücləndirə bilər.
4. “Bunu necə bilmirsən?”
Hər kəsin fərqli təcrübəsi, biliyi və dünyagörüşü var. Bir insanın başqasının bilmədiyi məlumatdan xəbərsiz olması onu alçaltmaq üçün əsas deyil. Özünü hamıdan ağıllı göstərmək isə ünsiyyətdə xoşagəlməz təəssürat yaradır.
5. “Səni incitmək istəmirəm, amma...”
Bu ifadədən sonra çox vaxt qarşı tərəfi incidə biləcək sözlər səsləndirilir. Dürüst olmaq vacibdir, lakin fikri hörmətli və düşünülmüş şəkildə çatdırmaq da eyni dərəcədə əhəmiyyətlidir.
6. “Mən hamı kimi deyiləm, fərqliyəm”
Hər kəsin özünəməxsus xüsusiyyətlərinin olması normaldır. Bununla belə, fərqliliyi başqalarından üstünlük kimi təqdim etmək düzgün deyil. Məqalədə qeyd olunan araşdırmaya əsasən, insanlar özlərinə oxşar cəhətləri olan şəxslərə daha çox yaxınlıq hiss edə bilirlər.
7. “Bu, o qədər də ciddi deyil” və ya “Buna görə narahat olma”
İnsanların hisslərini kiçiltmək, xüsusilə də yaxın münasibətlərdə, inciklik yarada bilər. Hər kəs hadisələrə fərqli reaksiya verir. Empatiya isə vəziyyətə qarşı tərəfin gözü ilə baxmağı və onun emosional ehtiyaclarını anlamağı nəzərdə tutur.
8. “Bir az tez-tez gülümsə”
Heç kəs daim gülümsəməyə məcbur deyil. İnsanların yorğun, kədərli və ya əhvalsız olduğu günlər olur. Qarşı tərəfdən süni şəkildə gülümsəməyi tələb etmək onun hisslərini nəzərə almamaq kimi qəbul edilə bilər.
9. “Mən sənin yerində olsaydım...”
İstənilməyən məsləhətlər hər zaman faydalı olmur. İnsan məsləhət istəməyibsə, bəzən onu dinləmək və fikrini soruşmasını gözləmək daha münasibdir.
10. “Doğrudan da, bunu xoşlayırsan?”
Başqalarının zövqünü istehza ilə qarşılamaq ünsiyyətdə narahatlıq yarada bilər. İnsanların maraqları və seçimləri fərqlidir və bu müxtəlifliyə hörmətlə yanaşmaq vacibdir.
11. “Niyə bu qədər sakitsən?”
Hər kəs söhbətlərdə fəal iştirak etməyi və diqqət mərkəzində olmağı sevmir. Bəzi insanlar dinləməyi və ətrafı müşahidə etməyi üstün tuturlar. Onların sakitliyini problem kimi təqdim etmək isə lazımsız gərginlik yarada bilər.
Məqalədə vurğulanır ki, ünsiyyətdə nəzakət yalnız düzgün sözlər seçməkdən ibarət deyil. Başqalarının hisslərini anlamaq, şəxsi sərhədlərə hörmət etmək və fikirləri qarşı tərəfi alçaltmadan ifadə etmək də mühüm əhəmiyyət daşıyır.
00:30 26.10.2026
Oxunuş sayı: 59