Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto ilə görüşüb.
Bu barədə Crossmedia.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də siyasi dialoqun genişləndirilməsi imkanları müzakirə olunub.
Tərəflər iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı səfərlərin və institusional əlaqələrin artırılmasının əhəmiyyətini vurğulayıblar.
Azərbaycan ilə İndoneziya arasında Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, D8, ASEAN və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd olunub. 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə hazırlıq məsələləri əsas müzakirə mövzularından birini təşkil edib.
Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə birlikdə C6 formatında əməkdaşlığının əhəmiyyəti, bu çərçivədə regional bağlantıların gücləndirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələləri diqqətə çatdırılıb.
Görüşdə həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
Eyni gündə Azərbaycan və İndoneziya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfinə nazir müavini Elnur Məmmədov, İndoneziya tərəfinə isə Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto rəhbərlik edib.
14:40 21.10.2026
Oxunuş sayı: 132