Seçki prosesi davam edir: Bir yerə iki namizəd var - AÇIQLAMA
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Bu seçkilərdə 685 bələdiyyə üzrə 8071 bələdiyyə üzvü seçiləcək. Seçkiqabağı təşviqat kampaniyası yanvarın 6-dan başlayaraq yanvarın 28-dək davam edəcək.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Crossmedia.az-a açıqlamasında bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı təbliğat və təşviqat prosesi artıq təsdiq olunub və prosesin 28 yanvar tarixinədək həyata keçirilməsi planlaşdırılır.
Sədrin sözlərinə görə, təxminən 16 min namizəd qeydiyyatdan keçib. “Bir yerə orta hesabla iki namizəd qeydə alınıb. Bu gün artıq 685 bələdiyyədə 8071 üzv üzrə təsdiq edilmiş namizədlər mübarizə aparır,” – deyə Vüqar Tofiqli qeyd edib.
O, əlavə edib ki, bu seçkilərdə seçici aktivliyi müşahidə olunur və bu aktivliyin artması vətəndaşların prosesdə daha aktiv iştirak etməsindən asılıdır. “Seçicilər namizədlərin kimliyini öyrənməli, onların proqramları ilə maraqlanmalı və təbliğat işlərinə diqqət yetirməlidirlər. Həmçinin seçki prosesində iştirak etmək və səsvermə hüququndan istifadə etmək hər bir seçicinin həm də vətəndaşlıq borcudur. Seçicilər layiqli namizədə səs verməklə bələdiyyələrin gələcək fəaliyyətinə müsbət mənada təsir edə bilərlər,” – deyə sədr vurğulayıb.
Vüqar Tofiqli bildirib ki, seçkilərdən sonra formalaşacaq bələdiyyələr daha səmərəli fəaliyyət göstərmək üçün seçicilərin problemlərini həll etməyə çalışmalıdır: “Düşünürəm ki, seçkilərdən sonra formalaşacaq bələdiyyələrin üzləşəcəyi müəyyən problemlərin həllinə mərkəzi icra hakimiyyəti orqanları da diqqətlə yanaşmalı və hər bir qurum bu prosesə öz töhfəsini verməlidir".
Sədr sonda qeyd edib ki, seçicilərin sosial media platformaları vasitəsilə namizədləri daha yaxşı tanıması, seçkilərdə iştirak etməkdə maraqlı olması bu prosesin uğurlu nəticələnməsinə böyük təsir göstərəcək.
Maral Şahverdili
13:01 06.01.2025
Oxunuş sayı: 5977