Xərçənglə mübarizədə yeni ümid: Peyvənd nə vəd edir? - AÇIQLAMA
2025-ci ildə xərçəng əleyhinə peyvəndin yaradılmasında yeni mərhələ başlaya bilər. Bildirilib ki, xərçəng əleyhinə peyvənd nümunələrinin son sınaqları ümidverici nəticələr göstərib. Alimlər hazırda ən geniş yayılmış və aqressiv xərçəng formalarından olan dəri, beyin və ağciyər şişlərinə qarşı preparatın təsirini araşdırırlar. Bəs peyvənd kimyaterapiya və cərrahiyyə müalicələrini tam əvəz edə bilərmi, yoxsa bunlarla yanaşı istifadə olunacaq?
Məsələ ilə bağlı professor Adil Qeybulla Crossmedia.az saytına açıqlamasında bildirib ki, əvvəlcə qeyd etmək lazımdır ki, xərçəng xəstəliyi ümumiləşdirilmiş bir addır, yəni bu, elmi ad deyil:
"Xərçəng xəstəliyinin elmi adı ayrı-ayrı toxumalarda müxtəlifdir, məsələn epitel toxumasının bədxassəli işi karsinoma, vəzi epitelinin adenokarsinoma, bərk toxumaların sümük qığırdağındakı isə osteosarkoma adlanır. Ona görə də bu xəstəliyin qarşısını alacaq universal dərmanın olması real görünmür".
Professor onu da qeyd edib ki, nə qədər canlı orqanizmlər var, o qədər də xərçəng xəstəliyi olacaq və bu, təkcə insana aid deyil:
"Mahiyyət etibarilə xərçəng xəstəliyi hüceyrələrin yenilənməsi prosesi zamanı onların bölünməsinə nəzarətin pozulması və canlı orqanizmin içərisində ikinci bir inkişafın baş vermə prosesidir, ona görə də onun qarşısı heç vaxt alına bilməz, lakin gəlişmələr, yeniliklər çox olacaq, hansı ki, vaksin özü də köməkçi bir vasitədir. Vaksindən başqa bir çox yeni vasitələr, həmçinin onkoloji xəstəliklərlə mübarizədə molekulyar biologiyanın inkişafı istiqamətində də yeni sahələr var, amma bütün bunlara baxmayaraq onkologiyaya qalib gəlmək mümkün olmayacaq, çünki nə qədər canlı orqanizm var o qədər də onkologiya var".
Gülşad İbrahimova
07:47 06.01.2025
Oxunuş sayı: 4109