Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə yerləşdirəcək
Türkiyə və Pakistan Səudiyyə Ərəbistanında öz hərbi kontingentlərini yerləşdirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Lenta.news” bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumata istinadən xəbər yayıb.
Qərar Məkkə Alyansının Strateji Siyasi-Müdafiə Komitəsinin Ər-Riyadda keçirilən iclasının yekunlarına əsasən qəbul edilib. Görüşdə əsas müzakirə mövzusu Səudiyyə Ərəbistanında mövcud təhlükəsizlik vəziyyəti və krallığa qarşı mümkün təhdidlərin qiymətləndirilməsi olub.
Tərəflər kollektiv müdafiə öhdəliklərinin praktiki icrasına dərhal başlanılması barədə razılığa gəliblər. Bu çərçivədə razılaşdırılmış hərbi birləşmələrin və hərbi imkanların ayrılması, həmçinin əvvəl təsdiqlənmiş razılaşmalara uyğun olaraq onların operativ şəkildə yerləşdirilməsi nəzərdə tutulur.
Komitənin iştirakçıları Məkkə və Mədinə şəhərlərinə mümkün hücumları, eləcə də Səudiyyə Ərəbistanının mülki və iqtisadi infrastrukturuna qarşı hərəkətləri qətiyyətlə pisləyiblər.
Sənəddə vurğulanıb ki, üç iştirakçı dövlətin hər birinin təhlükəsizliyi onların ümumi kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsidir.
Qeyd edək ki, avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif kollektiv müdafiə haqqında memorandum imzalayıblar.
Memorandum üç ölkə arasında müdafiə əməkdaşlığının bütün istiqamətlərinin inkişafını və digər dövlətlərdən gələ biləcək istənilən formada təcavüzün kollektiv şəkildə qarşısının alınmasını nəzərdə tutur.
23:38 05.10.2026
Oxunuş sayı: 73