Namiq Allahverdiyev: Vətən uğrunda yanan ürək
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Namiq Müslüm oğlu Allahverdiyevin doğum günüdür. 1967-ci ildə Beyləqan torpağında dünyaya göz açan bu igid oğul, cəmi 24 il yaşasa da, adını əbədiyyətə yazdırdı. Onun həyatı qısa idi, amma bu qısa ömür vətən sevgisi, cəsarət və fədakarlıqla dolu bir dastan kimi yadda qaldı.
Namiq Beyləqan şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra fotoqraf kimi əmək fəaliyyətinə başladı. 1985-ci ildə hərbi xidmətə çağırıldı, Moskva ətrafında xidmətini başa vurub 1987-ci ildə vətənə döndü. Lakin 1988-ci ildən başlayan erməni təcavüzü onun ruhunu sakit buraxmadı. Torpaqlarımızın işğalı, xalqımızın ağrıları onu könüllü müdafiə dəstələrinə sürüklədi. İlk döyüş yolu Qubadlıdan keçdi. Sonra Laçın, Əsgəran, Füzuli, Goranboy... Hər yerdə düşmənə qarşı mərdliklə vuruşdu.
1991-ci il avqustun 31-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul olundu. Şuşanın müdafiəsində, sərhəd bölgələrində, Dağlıq Qarabağ ətrafındakı kəndlərin azad edilməsində fəal iştirak etdi. 1992-ci ilin iyununda Tərtər cəbhəsinə göndərildi. Orada Şıxarx (Marquşevan), Həsənqaya, Birinci və İkinci Çaylı kəndləri düşməndən təmizləndi. Qələbələr düşməni daha da azğınlaşdırdı.
9 iyul 1992-ci ildə Cəmilli yüksəkliyinə hücum baş verdi. Cəsur çavuş Namiq döyüş yoldaşları ilə birlikdə yüksəkliyə qalxaraq mövqe tutdu. Elə bu anda tankdan atılan mərmi onun həyatına son qoydu. Vətən torpağı uğrunda son nəfəsinə qədər dayandı. Subay idi. Gələcəyə, ailəyə, arzulara aid olan hər şey Vətən uğrunda qurban verildi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Namiq Allahverdiyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Bakıdakı Şəhidlər Xiyabanında dəfn edildi. Doğma Beyləqanda 1 saylı orta məktəb onun adını daşıyır, büstü isə qəhrəmanlığın simvolu kimi dayanır.
Namiqin həyatı bizə bir daha xatırladır ki, vətən sevgisi söz deyil, əməldir. O, qorxunu tanımadı, geri çəkilmədi, yüksəkliyə qalxdı. Onun qanı bu torpağa hopdu, adı isə xalqımızın qəlbində yaşayır. Bu gün onun doğum günündə ruhu qarşısında baş əyirik. Şəhidlər ölmür, onlar əbədi yaşayır. Namiq Allahverdiyev də yaşayır – hər azad nəfəsdə, hər yüksəklikdə, hər vətənpərvər ürəkdə.
Nigar Xəlilli
15:45 05.10.2026
Oxunuş sayı: 44