Sağlamlıq

Bu qidalardan ehtiyatlı olun: sağlamlığa təhlükə yaradır

Genetik Modifikasiyalı Orqanizmlər (GMO) son illərdə həm qlobal, həm də yerli səviyyədə ciddi müzakirələrə səbəb olub. İnsan sağlamlığı, ətraf mühitin qorunması və kənd təsərrüfatının dayanıqlılığı ilə bağlı bir çox suallar cavabsız qaldığından, bu mövzuda maarifləndirmə və araşdırma işləri mühüm əhəmiyyət kəsb edir.

Crossmedia.az-a danışan qida mühəndisi və nutrisioloq Fərid Səfərov GMO-nun mənfi təsirlərini vurğulayaraq, bu məsələnin cəmiyyət üçün kritik olduğunu qeyd edib:

“Texnologiyanın inkişafı ilə qida istehsalını artırmaq məqsədilə genetik müdaxilələr edildi. Bunun nəticəsində sağlamlığa mənfi təsir edən GMO-lu qidalar yarandı. Xüsusilə ölkəmizdə belə məhsulların satışda olduğunu, lakin insanların əksəriyyətinin bu barədə məlumatlı olmadığını görürük. Maarifləndirmə işlərinə böyük ehtiyac var”.

Fərid Səfərov GMO-lu qidaların yaratdığı əsas təhlükələrdən danışaraq əlavə edib:

“Bu qidalar toksik təsir göstərərək allergik reaksiyalara, xərçəngə və antibiotiklərə davamlı mikroorqanizmlərin artmasına səbəb olur. Aparılan heyvan təcrübələri də bu təsirləri təsdiqləyir. Məsələn, GMO-lu qidalarla bəslənən siçanlarda ölüm nisbəti 2-3 dəfə çoxdur. Dişi siçanlarda döş xərçəngi, kişi siçanlarda isə qaraciyər xərçəngi riski 50% artmışdır”.

Müsahibə zamanı qida mühəndisi bilmədən istehlak etdiyimiz GMO-lu məhsulları da sadaladı:

“Vafli, şokolad, qazlı içkilər, hazır yeməklər, kolbasa, sosiska, peçenye, qənnadı məmulatları, rəngli içkilər və s. kimi məhsullar GMO riski daşıyır. Qablaşdırılmış məhsullarda qarğıdalı siropu, soya yağı, bitki zülalı, dekstroz, maltodekstrin, kanola yağı kimi maddələr varsa, onların GMO olma ehtimalı böyükdür”.

Sonda Fərid Səfərov cəmiyyətə xəbərdarlıq edərək sağlam qidalanmanın əhəmiyyətini vurğuladı:

“Sağlam şəkildə maariflənin, etiketləri diqqətlə oxuyun və alış-verişlərinizdə ehtiyatlı olun. Sağlam yaşamaq üçün sağlam qidalanmaq lazımdır. Sonra çox gec ola bilər!”

Genetik modifikasiyaya məruz qalmış qidaların gündəlik həyatımıza təsiri ciddi araşdırılmalı və cəmiyyət bu barədə məlumatlandırılmalıdır. Sağlam gələcək üçün GMO mövzusu diqqət mərkəzində saxlanılmalıdır.

Saida Ramazanova

09:28 03.01.2025

Oxunuş sayı: 4480

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR