Nazir yolda silahlı şəxslər tərəfindən qaçırıldı
Pakistanın Hayber-Paxtunxva əyalətində ictimai səhiyyə mühəndisliyi naziri Fazal Şakur Xanın silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilir. Hadisənin gündüz saatlarında Pişəvər yaxınlığındakı M-1 magistral yolunun çıxışında baş verdiyi qeyd olunur.
Crossmedia.az xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, maskalı silahlı şəxslər nazirin avtomobilini saxlayaraq onu, sürücüsünü və mühafizəçisini naməlum istiqamətə aparıblar.
Hadisə ilə bağlı polisə müraciət edilib və naməlum şəxslərə qarşı adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə silahlı şəxslərin avtomobilə yaxınlaşdığı və maşının təkərlərinə atəş açıldığı görünür. Nazir və onu müşayiət edən şəxslərin hazırda harada olduğu barədə məlumat açıqlanmayıb.
18:26 23.09.2026
Oxunuş sayı: 39