CROSSMEDIA - Konstitusiya və Suverenlik: Azərbaycanın Dövlətçilik Yolu
Gündəm

Konstitusiya və Suverenlik: Azərbaycanın Dövlətçilik Yolu

"Müstəqilliyimizin keçdiyi yol qısa olsa da, bir neçə mərhələli, ağrılı, mürəkkəb, çoxşaxəli və şanlıdır. İlk illəri dövlətin qurulması mərhələsi adlandırmaq olar və bu proses Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı." Bunu hüquqşünas Yalçın Hacızadə Crossmedia.az-a açıqlamasında bildirdi.

O qeyd etdi ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, beynəlxalq hüquqda göstərilmiş əsas prinsipləri nəzərə alaraq, bütün cəmiyyətin və hər kəsin firavanlığını təmin etməyi arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olunmasını istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, 1995-ci ildə referendum yolu ilə təntənəli surətdə öz Konstitusiyasını qəbul etdi.

Hüquqşünas bildirdi ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə və məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideyalarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Hüquqşünasın sözlərinə görə, Konstitusiyamızın bəyan etdiyi məqsədlərdən biri kimi, Vətən müharibəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının 5-ci ildönümünü və Konstitusiyamızın qəbulunun 30-cu ilini nəzərə alaraq, Prezident İlham Əliyev tərəfindən 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir.

Həmçinin, Konstitusiyamız dövlətin və cəmiyyətin idarə olunması, siyasi, iqtisadi, hərbi və hüquqi sahələrlə bağlı məsələləri özündə əks etdirir. 2025-ci ilin "Konstitusiya ili" elan edilməsi və bu istiqamətdə müxtəlif tədbirlərin görülməsi, cəmiyyətdə əsas qanunumuzun öyrənilməsi, təbliği, ali hüquqi qüvvəsinin möhkəmləndirilməsi və dövlətin idarə olunmasında rolunun artırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Konstitusiyamız, eyni zamanda, beynəlxalq münasibətlərdə rolumuzu da müəyyənləşdirir. Hər bir dövlətin iki əsas funksiyası – daxili və xarici funksiyası vardır. Xarici siyasət beynəlxalq münasibətlər quraraq həyata keçirilir və bu, dövlətin milli maraqlarının təmin edilməsi məqsədini güdür. Xarici siyasət, eyni zamanda, daxili siyasətin davamı kimi qəbul edilir.

Azərbaycan Respublikasının xarici siyasəti, onun siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmləndirilməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını, milli təhlükəsizlik sahəsində maraqların qorunmasını və regional, beynəlxalq problemlərin birgə səylərlə, gücdən istifadə etmədən, sülh yolu ilə həllini nəzərdə tutur.

"Dünyada gərginliyin, müharibələrin və münaqişələrin artdığı bir vaxtda 'Konstitusiya ili' elan etməklə, biz ali qanunumuzda beynəlxalq münasibətləri tənzimləyən, beynəlxalq mövqeyimizi müəyyən edən, sülhsevər və güc tətbiqindən çəkinən normaları vurğulayaraq, ölkəmizin beynəlxalq mövqeyini və regionumuzun siyasi, iqtisadi və hərbi təhlükəsizliyində oynadığı rolu bir daha nümayiş etdirəcəyik," - deyə Yalçın Hacızadə fikrini yekunlaşdırdı.

08:00 02.01.2025

Oxunuş sayı: 3533

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR