Zəngilan strateji nəqliyyat mərkəzinə çevriləcək – Deputat
Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin sosial-iqtisadi həyatında yeni mərhələnin əsasını qoyub. Bu prosesdə Zəngilan rayonu xüsusi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həm Zəngəzur dəhlizi, həm də Araz dəhlizi məhz bu bölgədən keçəcək və bu da Zəngilanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirəcək. Bölgənin inkişafı təkcə Azərbaycanın iqtisadi potensialını artırmayacaq, həm də bütün Qarabağ və Şərqi Zəngəzur regionlarının parlaq gələcəyini təmin edəcək. Zəngilanın bu günkü reallığı – sürətlə qurulan şəhər və kəndlər – ölkənin gələcəyə inamla addımladığının bariz göstəricisidir.
Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir standartlara uyğun nəqliyyat infrastrukturu qurulmaqdadır. Onun sözlərinə görə, avtomobil və dəmir yollarının bərpası və tikintisi, yeni hava limanlarının inşası və fəaliyyəti kimi strateji layihələrin icrası ardıcıl şəkildə həyata keçirilir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilana səfəri zamanı Böyük Qayıdış və bərpa-quruculuq işlərinin növbəti mərhələsinin şahidi olduq: “Cənab Prezident Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə vurğuladı ki, bu bölgə həm Zəngəzur, həm də Araz dəhlizinin keçəcəyi strateji nəqliyyat mərkəzinə çevriləcək. Bu, ilk növbədə bölgənin iqtisadi inkişafına, burada məskunlaşan əhalinin rifahının yüksəlməsinə mühüm təsir göstərəcək".
Könül Nurullayeva əlavə edib ki, beynəlxalq təcrübə də sübut edir: nəqliyyat dəhlizlərinin formalaşması əhalinin rifahına müsbət təsir göstərir, nəqliyyat xərclərini azaldır, iş yerləri yaradır və bazarlara çıxışı asanlaşdırır: “İnfrastrukturun inkişafı və iş yerlərinin yaradılması yolu ilə insanların həyat keyfiyyətinin yüksəldilməsinə nail olmaq mümkündür”.
O bildirib ki, ümumilikdə nəqliyyat infrastrukturu regional sosial-iqtisadi tərəqqinin əsas komponentidir və onun inkişafı rəqabət qabiliyyətini, investisiya cəlbediciliyini və həyat səviyyəsini yüksəldir: “Məlum olduğu kimi, azad edilmiş ərazilərə ilk köç 2022-ci ilin yayında Zəngilan rayonunun Ağalı kəndinə baş tutub. Ötən gün isə Ağalıya 100, Məmmədbəyliyə 180 ailə köçürülüb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Biz ‘Böyük Qayıdış’ Proqramının başlanğıcını Zəngilan rayonunda qoyduq. Birinci kənd – Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır".
Eyni zamanda, Vətən müharibəsinin ilk həftəsində azad edilən Cəbrayılın Horovlu kəndində də birinci mərhələdə 1400 nəfərin məskunlaşması nəzərdə tutulur. Prezident İlham Əliyev Horovlu sakinləri ilə görüşdə bildirib ki, növbəti mərhələdə daha çox vətəndaş üçün evlər tikiləcək.
Qeyd edək ki, Böyük Qayıdış prosesi Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən və 2022–2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu istiqamətdə əsas yol xəritəsini müəyyənləşdirir.
Deputatın fikrincə, proqramın icrası nəticəsində 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın məskunlaşması planlaşdırılır:
“Hesab edirəm ki, qısa müddətdə Zəngəzur və Araz dəhlizlərinin reallaşması fonunda Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin rifah səviyyəsinin artdığını görəcəyik".
Mehriban Yariyeva
20:56 29.10.2025
Oxunuş sayı: 2157