Sabir Rüstəmxanlı tarixi faktları açıqladı: "Atatürkün mübarizəsi..."
Bu gün Türkiyə Respublikasının 102- ci ildönümüdür. Ötən bir əsrdən çox müddət ərzində qardaş dövlət daim güclənin, beynəlxalq siyasi aktorlar sırasına daxil olub. Bu gün rəsmi Ankara ilə həm hesablaşır, həm də onun maraqlarını qəbul edirlər.
Türkiyə Respublikasının 102- ci ildönümü barədə Crossmedia.az-a danışan Vətəndaş Həmrəmliyi Partiyasının sədri Sabir Rüstəmxanlı söyləyib ki, Türkiyə Cümhuriyyət Bayramı ilə Azərbaycanın 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyəti arasında çox sıx bir bağlılıq var: "Çünki Azərbaycan ovaxt demokratik respublikanın qurulmasında, öz ərazilərini bütövlüklə sahiblənməsində, həmçinin erməni-bolşevik işğalı ilə mübarizədə, Türkiyənin Nuri Paşa komandanlığında olan İslam Ordusuna böyük xidmət göstərmişdir. Hərçənd Türkiyə həmin vaxtlarda çox ağır durumdaydı, bir neçə tərəfdən hücumlar vardı. Türkiyəni məğlubiyyətə sürükləmək, parçalara bölmək, Anadolu ərazisində bir neçə dövlət qurmaq istəyirdilər. Belə bir vəziyyətdə Türkiyə öz qardaşlarına köməyini əsirgəmədi. Bundan sonra Mudros müqaviləsi bağlandı və Nuri Paşa dekabrda Bakıdan çıxmalı oldu. Amma hər halda o, Azərbaycanın ərazi bütövlüyünün bərpasında çox böyük xidmət göstərdi”.

Siyasətçi bildirib ki, həmin dövrdə- 1915-ci ildə Çanaqqalada başlanan azadlıq və istiqlal mübarizəsi, xarici işğalçılarla savaş həmin illərdə də davam edirdi: “Sonrakı müqavilələrdə isə addım-addım Türkiyə öz milli iradəsini bərpa edirdi və nəhayət 1923-cü ildə Mustafa Kamal Atatürkün əmri ilə Osmanlı dövrü, monarxiya dönəmi bitdi və Türkiyədə Cümhuriyyət elan olundu. 1923-dən əvvəl, təxminən 4-5 il öncə, Atatürkün təşəbbüsü ilə Türkiyədə Milli Məclis – Böyük Millət Məclisi fəaliyyət göstərirdi. Bu Məclis Türkiyənin taleyində ciddi rol oynayırdı. Məsələn, Avropada, İsveçrədə keçirilən sülh danışıqlarında Türkiyənin iştirak edib-etməməsi belə mühüm idi. Çünki bilirdilər ki, orada ingilislər, almanlar, fransızlar Türkiyəni ağır şərtlərlə barışmağa məcbur edəcəklər. Bundan sonra ingilislər gəlib həmin müqavilələrin şərtlərinə əsasən İstanbulda yerləşdilər. Amma Atatürkün uzaqgörənliyi və Türk xalqının tarixdən gələn qəhrəmanlıq ruhu yadellilərin Türk torpaqlarında qalmasına imkan vermədi. Əvvəlcə yunanlar qovulub İzmirdən dənizə töküldü, fransızlar çıxarıldı, sonra ermənilərin və digər düşmən qüvvələrin iddialarına son qoyuldu. Sonra ingilislər də Türkiyədən, İstanbuldan çıxmağa məcbur oldular və Türkiyə öz hakimiyyətini, öz müstəqilliyini elan etdi. Bu, böyük bir bayramdır və əslində bütün dünyanın məzlum xalqları üçün örnəkdir”.
S.Rüstəmxanlı qeyd edib ki, Atatürkün bu mübarizəsi bizim üçün də, Türkiyə kimi, yadelliləri öz torpağından qovan xalqlar üçün böyük bir tarixi təcrübədir: “Ona görə də Atatürk 20-ci əsrin ən böyük şəxsiyyətlərindən, ən öndə gedən liderlərindən biri sayılır. O, başqalarından fərqli olaraq, məsələn, Lenin kimi çarizmin ərazilərini qorumağa, imperiyanı davam etdirməyə çalışmadı. Hitlerin başladığı müharibə isə 90 milyona yaxın insanın ölümünə səbəb oldu. Həmin dövrün digər liderləri – Çörçill, Ruzvelt və başqalarının apardığı siyasət məlumdur. Onlar İkinci Dünya Müharibəsində iştirak edərək qələbə qazanmaq, öz hakimiyyətlərini qorumaq və genişləndirmək istəyirdilər. Amma hamısının siyasətində bir və ya digər şəkildə işğalçılıq, dünyaya hökmranlıq etmək, məzlum xalqları əzmək və öz ərazilərini genişləndirmək niyyəti vardı. Amma Atatürk yalnız Türklərə məxsus olan torpaqları qorudu, həmin torpaqlarda güclü bir dövlət qurdu və bu dövlət bu gün də bizi qürurlandırır. Bu, Türkiyənin taleyində böyük bir çevriliş, böyük bir dönəmin başlanğıcı idi. Atatürkün başlatdığı yol bu gün də Türkiyədə davam edir və Türkiyənin xoşbəxtliyinin, azadlığının, demokratik və güclü inkişafının əsas təminatıdır”.
Zeynəb Xuduyeva
20:32 29.10.2025
Oxunuş sayı: 1471