Qara dənizdə həlak olan azərbaycanlılara görə konpensassiya ödəniləcəkmi?
Sentyabrın 9-da Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb. Hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub. İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıb. Yaralılar Ukraynanın Çernomorsk şəhərindəki xəstəxanaya yerləşdiriliblər. Azərbaycan Xarici İşlər Nazirliyi yaralıların tibbi müayinəsi və müalicəsindən sonra ölkəyə qaytarılması istiqamətində tədbirlər görüldüyünü açıqlayıb. Həmçinin həlak olanların cənazələri ilə bağlı zəruri prosedurların həyata keçirilməsi və yaralılara konsulluq dəstəyinin göstərilməsi istiqamətində iş aparılır. Hadisənin dəqiq hansı ərazidə və hansı su sərhədləri daxilində baş verdiyinin müəyyənləşdirilməsi isə məsələnin hüquqi baxımdan qiymətləndirilməsi üçün xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlamasında bildirib ki, hadisənin baş verdiyi dəqiq məkan və onun hansı şəraitdə cərəyan etdiyi hərtərəfli araşdırılmalıdır:
“Hadisənin baş verdiyi dəqiq məkanı və onun hansı şəraitdə cərəyan etdiyini müəyyənləşdirmək üçün hərtərəfli araşdırma aparılmalıdır. Ərazinin dəniz akvatoriyasına və ya konkret olaraq hansı ölkənin su sərhədlərinə (ərazi sularına) daxil olduğu təcili dəqiqləşdirilməlidir. Bununla bağlı, Xarici İşlər Nazirliyi sözügedən dövlətin müvafiq qurumları və konsulluq xidməti ilə dərhal əlaqə saxlamalıdır. Beynəlxalq hüquq normalarına və təcrübəyə uyğun olaraq, xaricdə olan və ya beynəlxalq sularda oxşar vəziyyətlərlə qarşılaşan vətəndaşların hüquqlarının qorunması və məsələnin həlli ilə bilavasitə konsulluq müəssisələri məşğul olmalıdır”.
Zeynəb Həsən
16:40 10.09.2026
Oxunuş sayı: 60