Rusiya Donetsk planını yenidən təxirə saldı
Rusiya Donetsk vilayətinə tam nəzarəti ələ keçirmək üçün müəyyən etdiyi müddəti yenidən dəyişib və indi bunun üçün qarşıdakı altı ayı nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Daha əvvəl Rusiya komandanlığı Donetsk vilayətinin tam ələ keçirilməsi üçün 2026-cı ilin payızını, daha sonra isə ilin sonunu hədəf göstərmişdi. Yeni qiymətləndirmələrə görə, bu müddət 2027-ci ilin fevralının sonuna qədər uzadılıb.
Ukrayna tərəfi isə Rusiya hərbçilərinin son tarixin martın 31-dək təxirə salınmasını təklif etdiyini bildirir.
Müharibənin əvvəlindən Donetsk vilayətinin tam ələ keçirilməsi ilə bağlı müddətlər 15 dəfə dəyişdirilib. Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesablamalarına görə, hazırda Rusiya regionun təxminən 79,9 faizinə nəzarət edir.
ISW-nin məlumatına əsasən, Rusiya qoşunları avqust ayında Donbasda sutkada orta hesabla 2,36 kvadratkilometr irəliləyib. Bu temp qorunarsa, regionun tam ələ keçirilməsi ən tez 2032-ci ilin oktyabrında mümkün ola bilər.
“Bloomberg”in mənbələri həmçinin bildiriblər ki, Rusiya qarşıdakı altı ay ərzində Ukraynanın infrastrukturuna zərbələri gücləndirməyi planlaşdırır.
17:58 10.09.2026
Oxunuş sayı: 35