Düyü düzgün saxlanılmadıqda əsl zəhərə çevrilə bilər - diqqətli olun
İsmayıllı rayonunun Hacıhətəmli kəndində avqustun 20-də toy məclisində baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi ilə bağlı laborator müayinələrin nəticələri açıqlanıb. AQTA-nın məlumatına görə, ilkin şübhəli qida məhsulları kimi müəyyən edilən buğlama və düyüdən götürülən nümunələrin araşdırılması zamanı bişmiş düyüdə Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli bakteriyaları aşkarlanıb. Toyda qidaların ev şəraitində hazırlandığı, hadisə nəticəsində isə 40 nəfərin zərər çəkdiyi bildirilir.
Qida eksperti Fərid Səfərov düyünün düzgün saxlanılmadıqda qida zəhərlənməsi üçün əlverişli mühitə çevrilə biləcəyini Crossmedia.az-a açıqlamasında bildirib: “Düyü özü təhlükəli məhsul deyil, lakin bişirildikdən sonra düzgün saxlanmadıqda qida zəhərlənmələri üçün əlverişli mühitə çevrilə bilər. Xüsusilə Bacillus cereus bu baxımdan diqqət tələb edən bakteriyadır. Onun sporları torpaqda, tozda və müxtəlif xammallarda təbii şəkildə mövcud ola bilər və düyünün bişirilməsi bütün sporları məhv etməyə bilər”.
Ekspert qeyd edib ki, əsas risk bişmiş düyünün uzun müddət otaq temperaturunda saxlanılmasıdır: “Bu zaman sporlar aktivləşərək bakteriyaların çoxalmasına və bəzi hallarda istiliyə davamlı toksinlərin yaranmasına səbəb ola bilər. Xüsusilə toy, mərasim və digər kütləvi tədbirlərdə böyük həcmdə düyünün əvvəlcədən hazırlanması, uzun müddət isti və ya ilıq vəziyyətdə saxlanması, soyudulmasının gecikməsi riski artırır. Buna görə bişmiş düyü mümkün qədər tez soyudulmalı və soyuducuda saxlanmalıdır. Yenidən təqdim edilərkən isə kifayət qədər qızdırılmalıdır”.

Fərid Səfərov vurğulayıb ki, qida zəhərlənmələrinin qarşısının alınmasında əsas məsələ qidanın harada hazırlanması deyil, gigiyena və temperatur tələblərinə əməl olunmasıdır: “Staphylococcus aureus və E. coli aşkarlanması da ayrıca əhəmiyyətlidir. Bu bakteriyalar yalnız düyü ilə əlaqələndirilə bilməz. Onlar ət, süd məhsulları, salatlar, souslar və digər hazır qidalara da çirkli əllər, xammal, avadanlıq, su və çarpaz çirklənmə vasitəsilə keçə bilər. Kütləvi məclislərdə isə xüsusilə düyü, ət, mayonezli salatlar, kremli məhsullar və digər tez xarab olan qidalar üzrə nəzarət daha ciddi aparılmalıdır. Əsas məsələ qidanın hazırlanması, saxlanması, daşınması və süfrəyə verilməsi zamanı gigiyena və temperatur tələblərinə nə dərəcədə riayət olunmasıdır”.
Nigar Xəlilli
17:00 10.09.2026
Oxunuş sayı: 46