Naqilsiz qulaqcıqların orqanizmə heç bilmədiyiniz zərərləri - göz zəifləməsi, eşitmə problemi...
Naqilsiz qulaqcıqların istifadəsi gündəlik həyatda geniş yayılsa da, əsas risk cihazın naqilsiz olması deyil, səsin yüksəkliyi və qulaqcıqdan uzun müddət istifadə edilməsidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yüksək səsə uzunmüddətli və təkrarlanan məruz qalma eşitmə itkisinə və qulaqda küyə səbəb ola bilər. Təşkilat 80 desibel səviyyəsində həftədə 40 saata qədər dinləməni təhlükəsiz hədd kimi göstərir, səs 90 desibelə yüksəldikdə isə təhlükəsiz müddət həftədə 4 saata qədər azalır.
Terapevt Nərminə Abbasova simsiz qulaqlıqlardan istifadənin insan sağlamlığına mümkün təsirləri ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, bu cür cihazlardan istifadə zamanı ehtiyatlı olmaq lazımdır: “Zərərləri çoxdur. Ümumiyyətlə, bugünkü zamanda havada elektrik sahəsinin, maqnit sahəsinin çox olduğu bir zamandır. Onsuz da yerli-yersiz bədənimiz, elektrik sahələri, maqnit sahələri ilə çox yüklənir. Yəni o, doğrudan da, qulaqlıqlar baş-beyin qan dövranının pozulması, eşitmənin zəifləməsi, görmənin zəifləməsi, birbaşa sinir sistemini zədələyə bilir”.
Terapevt qeyd edib ki, simsiz qulaqlıqlardan istifadənin mümkün təsirləri ilə bağlı insanların məlumatlandırılması vacibdir: “Və beyində adi xırda olan hər hansı bir xırda törəməmi, polipmi, nə olursa-olsun, onların böyüməsinə, inkişafına bizim xəbərimiz olmadan birdəfəlik təsir eləyir bu cürə, belə deyək ki, müdaxilələr. Yəni insanları məlumatlandırmaq lazımdır ki, biz nə qədər belə inkişaf eləmiş artıq dünyamızda hər şey inkişaf eləyib, onlardan minimum istifadə etmək lazımdır”.
Nərminə Abbasova vurğulayıb ki, texnologiyadan istifadə zamanı sağlamlıq amili nəzərə alınmalıdır: “Biz o sürətlə özümüz inkişaf eləmirik axı, sağlamlığımız geri gedir. Ona görə məlumatlanmaq lazımdır, amma minimum istifadə lazımdır. Çünki sağlamlığı heç nə əvəz eləmir”.
Nigar Xəlilli
19:45 09.09.2026
Oxunuş sayı: 44