"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib.
Bu barədə Crossmedia.az "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Nazirlər Kabineti Qərar verib.
Məlumatda qeyd olunub ki, əvvəlki strukturda İdarənin Aparatından əlavə səkkiz tabeli qurum fəaliyyət göstərirdisə, yeni strukturda iki tabeli qurum – Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzi nəzərdə tutulub.
Yeni struktur çərçivəsində İdarənin Aparatında "şöbə və sektor" modelindən "departament və şöbə" modelinə keçid də nəzərdə tutulur.
Optimallaşdırma çərçivəsində İdarənin işçilərinin say həddi 430 ştat vahidindən 300 ştat vahidinə endirilib.
Struktur dəyişikliyinin əsas hədəfi idarəetmənin keyfiyyətcə yenilənməsi, mövcud imkanların İçərişəhərin tarixi-mədəni irsinin qorunmasına, sakinlərə və ziyarətçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və Qoruğun dayanıqlı inkişafına yönəldilməsidir.
Həmçinin dəyişikliklərin əsas məqsədi daha yığcam, çevik və səmərəli idarəetmə modelinin formalaşdırılması, təkrarlanan funksiyaların aradan qaldırılması, qərarvermə prosesinin sürətləndirilməsi və mövcud resursların prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsidir.
Qeyd edilib ki, dəyişikliklər həyata keçirilərkən əmək qanunvericiliyinin tələbləri və işçilərin qanunla müəyyən edilmiş hüquq və təminatları qorunacaq.
10:27 09.09.2026
Oxunuş sayı: 52