Zaxarovadan Berlinə ağır ittiham: PUA hekayəsini özləri uydurub
Almaniya Leypsiq hava limanındakı PUA insidenti ilə bağlı Rusiyanı ittiham etmək üçün hadisə ətrafında “uydurma tarixçə” yaradıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, PUA ilə bağlı irəli sürülən iddiaları təsdiqləyən heç bir fakt və ya material yoxdur.
Onun sözlərinə görə, Berlin sözügedən “diversiyanı” əvvəlcədən planlaşdırıb. Zaxarova iddia edib ki, məqsəd Rusiyanın Bonndakı baş konsulluğunu bağlamaq və Berlindəki Rus Evinin fəaliyyəti ilə bağlı müqaviləni ləğv etmək olub.
Diplomat PUA insidenti və Almaniyanın bundan sonra atdığı addımları növbəti “öz aralarındakı razılaşma” kimi qiymətləndirib.
Bundan əvvəl Almaniya hökuməti Leypsiq/Halle hava limanında baş verən PUA insidentinə görə Rusiyanı rəsmi şəkildə məsul tutub. Almaniya hakimiyyəti Rusiyanın baş konsulluğunun və Berlindəki Rus Evinin bağlanacağını açıqlayıb.
Bundan başqa, Berlin Rusiya vətəndaşlarının Almaniyaya girişinə nəzarəti sərtləşdirməyi və Avropa İttifaqı səviyyəsində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təşəbbüs etməyi planlaşdırır.
İki ölkə arasında gərginliyin artmasına səbəb olan hadisə avqustun əvvəlində baş verib. Leypsiq hava limanında Ukraynaya məxsus An-124 yük təyyarəsinin yaxınlığında aşağı hündürlükdə uçan PUA aşkarlanıb. Daha sonra təyyarədə təxminən 800 qram partlayıcı maddənin olduğu müəyyən edilib.
Partlayıcı qurğu detonatorun nasazlığı səbəbindən işə düşməyib.
Zaxarova daha əvvəl Almaniyanın PUA insidenti ilə bağlı qəbul etdiyi qərarlara Rusiyanın cavab verəcəyini açıqlamışdı.
10:34 02.09.2026
Oxunuş sayı: 75