Anthropic-in yeni aləti bazarları silkələdi: 285 milyard dollar BUHARLAŞDI
Anthropic şirkətinin təqdim etdiyi yeni süni intellekt avtomatlaşdırma aləti investorlar arasında ciddi narahatlıq yaradıb və proqram təminatı, maliyyə xidmətləri və aktivlərin idarə edilməsi sektorlarında ümumilikdə 285 milyard ABŞ dolları dəyərində səhmlərin silinməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
İnvestorlar süni intellektin ənənəvi proqram təminatı və peşəkar xidmətlər bazarını sürətlə dəyişə biləcəyindən ehtiyat edərək, hətta şirkətin süni intellektlə əlaqəsi cüzi olan səhmlərini belə satmağa başlayıblar.
Satış dalğası xüsusilə proqram təminatı və informasiya xidmətləri şirkətlərinə təsir edib. Goldman Sachs-ın ABŞ proqram təminatı şirkətlərindən ibarət səbəti təxminən 6 faiz ucuzlaşıb. Bu, həmin səbət üçün ötən ilin aprelində tariflərlə bağlı kəskin enişdən sonra ən böyük birgünlük geriləmə olub.
Analitiklər hesab edirlər ki, investorların əsas narahatlığı süni intellektin şirkətlərin mövcud biznes modellərini, xüsusilə də proqram təminatına istifadəçi və ya lisenziya sayına əsaslanan ödəniş sistemini dəyişə bilməsidir.
Anthropic-in yeni alətləri süni intellektin sadəcə köməkçi vasitə deyil, müəyyən peşəkar iş proseslərini birbaşa avtomatlaşdıra bilən texnologiyaya çevrildiyi barədə gözləntiləri gücləndirib. Bu isə hüquq, maliyyə, məlumat xidmətləri və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin gələcək gəlirləri ilə bağlı suallar yaradıb.
Bazar iştirakçıları bu hadisəni süni intellektin ənənəvi proqram təminatı sektoruna təsirinin yeni mərhələsi kimi qiymətləndirirlər.
15:24 25.08.2026
Oxunuş sayı: 60