Tayvanın süni intellekt bumundan qazanan şirkət ÇİP istehsal etmir
Tayvanın süni intellekt bumundan ən çox qazanan şirkətlərdən biri çip istehsalçısı deyil. Söhbət məlumat mərkəzləri üçün server rəflərinin relslərini, həmçinin mebel komponentlərini istehsal edən “King Slide Works” şirkətindən gedir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Şirkət əsasən şkaf menteşələri, siyirmə relsləri və digər mexaniki komponentlər istehsal etsə də, onun ən mühüm məhsullarından biri süni intellekt serverlərinin yerləşdirildiyi məlumat mərkəzlərində istifadə olunan server relsləridir.
“King Slide Works” yüksək səviyyəli server relsləri bazarının təxminən 80 faizinə nəzarət edir. Süni intellekt infrastrukturu üçün xərclərin sürətlə artması şirkətin məhsullarına tələbatı da ciddi şəkildə artırıb.
Bu artım şirkətin səhmlərində də özünü göstərib. “King Slide Works”in səhmlərinin qiyməti bu il təxminən 280 faiz yüksəlib.
Şirkətin qurucusu Lin Tsunq-çi isə süni intellekt bumunun yaratdığı artım nəticəsində Tayvanın ən varlı şəxsinə çevrilib. Onun sərvətinin təxminən 20,2 milyard dollar olduğu bildirilir.
Şirkətin maliyyə göstəricilərində də ciddi dəyişiklik qeydə alınıb. “King Slide Works”in ötən rübdə ümumi mənfəət marjası 87 faizə yüksəlib və bu göstərici “Nvidia” və “TSMC” kimi texnologiya nəhənglərini də geridə qoyub.
Analitiklər server dizaynlarının inkişafı ilə yüksək keyfiyyətli və fərdiləşdirilə bilən mexaniki komponentlərə tələbatın daha da artacağını gözləyirlər. Bununla yanaşı, “Nvidia”nın təchizatçılarını şaxələndirməsi gələcəkdə rəqabəti gücləndirə bilər.
“King Slide Works” isə ABŞ-də istehsal imkanlarını genişləndirməyi planlaşdırır. Şirkətin nümunəsi ənənəvi istehsal sektorunun da düzgün ixtisaslaşma və innovasiya hesabına süni intellekt infrastrukturundan böyük gəlir əldə edə bildiyini göstərir.
14:58 25.08.2026
Oxunuş sayı: 45