Özbəkistanla qardaşlıq əlaqələrimiz Əbədi Dostluq haqqında Müqavilə çərçivəsində yeni nəsillərə ötürülməlidir
Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlər 23 avqust 2026-cı ildə Qazaxıstanda imzalanmış Əbədi Dostluq haqqında Müqavilə ilə yeni strateji mərhələyə qədəm qoyub. Sənəd iki ölkə arasında qarşılıqlı etimad və etibara əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dostluq-qardaşlıq əlaqələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlamasında Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələnin əhəmiyyətindən danışıb: “Özbəkistan və Azərbaycan arasında dövlətlərarası münasibətlər 23 avqust 2026-cı ildə Qazaxıstanda imzalanmış Əbədi Dostluq haqqında Müqavilə ilə yeni strateji əhəmiyyət qazanmış oldu. Beləliklə, iki ölkə arasında münasibətlər yeni tarixi mərhələyə qədəm qoydu”.
Deputatın sözlərinə görə, müqavilə iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm hüquqi baza formalaşdırır: “Bu, bütün sahələr üzrə əməkdaşlıq üçün hüquqi bazanın mövcud olması, qarşılıqlı etimad və etibar mühitinin formalaşdırılması, ən müxtəlif istiqamətlərdə tarixdən gələn dostluq və qardaşlıq ənənələrimizin Əbədi Dostluq haqqında Müqavilə çərçivəsində yeni nəsillərə ötürülməsi və bunun əbədi təmin edilməsidir”.

H.Babaoğlu belə sənədlərin dövlətlərarası münasibətlərdə nadir hallarda imzalandığını vurğulayıb: “Bu cür anlaşmalar dövlətlərarası münasibətlərdə çox nadir hallarda görülür. Çünki söhbət əbədi dostluqdan gedirsə, burada ortaq tarixi keçmiş, bugünkü ortaq məqsədlər və ortaq gələcək üçün siyasi və ictimai iradə olmalıdır. Azərbaycan və Özbəkistan arasında bu üç komponentin hər biri mövcuddur”.
Deputat hesab edir ki, əldə olunan razılaşmalar iki ölkənin gələcək inkişafına və xalqların rifahına mühüm töhfə verəcək: “Ona görə də bu səfər çərçivəsində əldə olunan razılaşmalar hər iki qardaş ölkəni daha da gücləndirəcək, hər iki ölkənin xalqlarına daha böyük rifah gətirəcəkdir”.
Nigar Xəlilli
14:00 25.08.2026
Oxunuş sayı: 39