Onlayn mağazalar ənənəvi ticarətə problemlər yaradır
Temu, Trendyol və Alibaba kimi beynəlxalq e-ticarət platformalarının Azərbaycanda geniş yayılması istehlakçılara daha çox seçim və nisbətən sərfəli qiymətlər təqdim etsə də, yerli kiçik və orta sahibkarlar üçün rəqabəti də gücləndirir. Xüsusilə məhsulların daha aşağı qiymətə və geniş çeşiddə təklif olunması yerli satıcıların bazardakı mövqeyinə təsir göstərə bilər. Bəs xaricdə olan beynəlxalq satış mərkəzləri yerli kiçik və orta sahibkarlığa necə təsir göstərir? Alıcılıq qabiliyyəti aşağı düşürmü və bu sahədə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, onlayn ticarət platformaları istehlakçılar üçün əlavə imkanlar yaratsa da, vergi fərqləri ənənəvi ticarət və yerli kiçik sahibkarlar üçün müəyyən problemlər formalaşdırır: “Onlayn ticarət platformaları vətəndaşlar üçün əlavə imkan yaradır və onlayn ödənişləri stimullaşdırır. Onlayn ticarətin ənənəvi ticarətlə müqayisədə bir çox üstünlükləri var. Bu, vətəndaşa komfort, seçim etmək, məhsulları müqayisə aparmaq və elektron ödəniş vasitələrindən istifadə etməklə xidmət almaq imkanı verir. Amma onlayn ticarətdə ənənəvi ticarət üçün problem yaradan bir sıra üstünlüklər də var. Bu, xüsusilə vergi məsələsidir. Hökumət vətəndaşa humanist yanaşaraq aylıq 300 dollarlıq şəxsi istehlak üçün etdiyi idxalı bütün vergi və rüsumlardan azad edir. Təbii ki, kanallardan birinin digərinə nisbətən vergi üstünlüyünün olması ənənəvi ticarət üçün problem yaradır. Onlayn ticarətin özünəməxsus üstünlükləri də var. Vətəndaşa komfort verməsi ilə yanaşı, icarə, ofis idarəetməsi və kommunal xərclər kimi bir sıra sabit xərclərin olmaması onlayn ticarət üçün üstünlükdür. Lakin dövlətin ona verdiyi vergi üstünlüyü kanallar arasında rəqabəti müəyyən qədər pozur. Çünki ənənəvi ticarətlə məşğul olan şəxsin də əsas məqsədi aldığı malı son istehlakçıya satmaqdır. Son istehlakçı vergi güzəştlərindən istifadə etdikdə ənənəvi satıcının müştərisinə çevrilmir. Nəticə etibarilə mikro və kiçik sahibkarlar, tacirlər bu prosesdən ciddi əziyyət çəkirlər”.

X.Kərimli qeyd edib ki, beynəlxalq onlayn platformaların fəaliyyəti ümumilikdə rəqabəti artırsa da, vergi fərqləri yerli kiçik istehsalçılar üçün də əlavə çətinlik yaradır: “Ümumi şəkildə bu cür onlayn ticarətin olması rəqabəti intensivləşdirir və alternativ kanal kimi ciddi rəqabət mühiti formalaşdırır. Rəqabətin olması həm istehlakçıların, həm də vətəndaşların marağına uyğundur. Vətəndaş seçim edə bilir, seçim azadlığı formalaşır. Temu və Trendyol kimi platformalar vətəndaşlara xərclərinə qənaət etməyə və tələbatlarına uyğun məhsullar əldə etməyə imkan verir. Amma kanallar arasındakı vergi fərqinin mövcud olması ənənəvi ticarət üçün müəyyən problemlər yaradır və eyni zamanda yerli kiçik istehsalçılar üçün də ciddi çətinliyə çevrilir. Çünki yerli kiçik istehsalçılar öz istehsalını təşkil etmək üçün idxal həyata keçirirlər və idxal zamanı ƏDV və rüsum ödəyirlər. Vətəndaş isə şəxsi istehlak üçün aylıq 300 dollarlıq məhsul gətirdikdə bu ödənişlərdən azad olur. Ümumilikdə isə onlayn ticarətin, vergi güzəştlərindən asılı olmayaraq, mövcudluğu ölkə iqtisadiyyatı üçün müsbət təsir göstərir. Ölkə vətəndaşının rifahı və tələbatını ödəməsi baxımından da müsbət xarakter daşıyır. Bu, təbii ki, ənənəvi ticarət üçün müəyyən problemlər yaradır. Amma rəqabətin genişlənməsi və müxtəlif kanallar arasında rəqabətin aparılması ümumilikdə həm dövlətin, həm də vətəndaşın xeyrinə olan məsələdir”.
Zərnigar Hüseynli
16:00 24.08.2026
Oxunuş sayı: 49