Parklarda meyvə ağacları əkiləcək - mandarin, alma
Azərbaycanın rayonlarına gedərkən yol boyu müxtəlif meyvə ağacları ilə rastlaşır, bəzən avtomobili saxlayaraq düşüb bir neçə meyvə dəririk. Maraqlıdır ki, bu adət Bakıda və digər şəhərlərin mərkəzində niyə yoxdur. Məsələn Bulvarda, parklarda meyvə ağaclarının olmasına mane olan nədir?
Crossmedia.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Bakı kimi suya böyük tələbatı olan ərazilərdə həmişəyaşıl ağacların əkilməsinə ehtiyac yoxdur:
“Xüsusən bizim kimi, Bakı şəhəri kimi suya böyük tələbatı olan yerlərdə həmişəyaşıl ağaclara ehtiyac yoxdur. Razıyam, yol kənarlarında badam, hətta mandarin, yəni burada yetişə biləcək meyvə ağacları əkmək olar.
Bundan başqa, zeytun ağacı hər zaman yaşıldır, meyvəsi də, özü də faydalıdır, badam, Bakı şəhərinə və küləkli şəhər şəraitinə uyğun ağac növləridir. Badamdır, zeytundur, mandarin, narıncı əkmək olar. Müxtəlif yerli ağaclara istinad etmək, yerli ağaclar əkmək lazımdır. Ölkədə isə hər yerdə, yol kənarlarında meyvə ağacları əkilməlidir. Həmişəyaşıl bitkilər su tələb edir, onlar suvarılmalıdır. İynəyarpaqlı ağaclar da mümkündür, meyvə verməsə də, dekorativ və su tələb edən bitkilərin əvəzinə bu cür ağaclar əkilməlidir. Kölgəlik üçün də söyüdlər var, başqa ağaclar var. Məsələn, əncir ağacları mümkün olan yerlərdə əkilməlidir, qoz ağacı, alma ağacları əkilə bilər. Təbiətə və şəraitə uyğun olaraq, ölkə boyu hər yerdə meyvə ağacları əkib yollarımızı da yaşıllaşdırmaq lazımdır".

Qorxmaz İbrahimli əlavə edib ki, yaşıllaşdırmada həmişəyaşıl bitkilərlə yanaşı, qazonlardan da imtina etmək olar:
“Həmişəyaşıl bitkilərdən də imtina etmək lazımdır. Mən qazonların salınmasının tərəfdarı deyiləm. Qazonun əvəzinə yerli otlar və çimlər əkmək olar. Əsas odur ki, onlara qulluq edilsin və suya tələbatı az olan bitkilər seçilsin. Məsələn, yol kənarlarında yovşan əkmək olar. Onun xoş qoxusu var və susuzluğa davamlıdır. Bir çox amili nəzərə almaq lazımdır. İnsanların yerli şəraitdə hansı bitkilərə alışması və bitkilərin suya, xüsusilə də susuzluğa davamlı olması vacibdir".
Zeynəb Həsən
13:00 21.08.2026
Oxunuş sayı: 48