Yanğın baş verdi, amma Ukraynaya robot tədarükü dayanmadı
Estoniyanın müdafiə şirkəti Milrem Roboticsin binasında baş verən yanğın Ukraynaya robotlaşdırılmış hərbi texnikanın tədarükünə təsir göstərməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Bu il və gələn il heç nə bizim tədarüklərimizə ciddi təsir göstərməyəcək”, - deyə şirkət rəhbəri bildirib.
Vaarsi qeyd edib ki, hadisə istehsal prosesinə, təchizat zəncirinə və çatdırılma qrafiklərinə təsir etməyib.
Onun sözlərinə görə, Milrem Robotics Ukraynaya yerüstü hərbi nəqliyyat vasitələri təqdim edən iki xarici təchizatçıdan biridir. Şirkətin robot sistemləri hazırda Ukraynada aktiv şəkildə istifadə olunur. Şirkət ilin sonuna qədər Ukraynaya 200-dən çox robotlaşdırılmış sistem göndərməyi planlaşdırır.
Estoniya hakimiyyəti Tallində baş verən yanğınla bağlı Rusiyanın mümkün iştirakını araşdırır. Ölkənin Baş naziri Kristen Mixal daha əvvəl bu ehtimal barədə danışıb. Şübhəlilərin müəyyən edildiyi, lakin onların hadisədəki rolunun hələ tam müəyyənləşdirilmədiyi bildirilib.
Məlumata görə, bu hadisə Avropada Ukraynaya dəstək verən infrastruktur, logistika şəbəkələri və hərbi sahə ilə əlaqəli müəssisələrə qarşı mümkün Rusiya hibrid əməliyyatları seriyasının sonuncularından biri kimi qiymətləndirilir.
Estoniya Rusiyadan potensial təhlükəyə qarşı hazırlıqları gücləndirir. Ölkədə sığınacaq şəbəkəsi genişləndirilir, əhalinin təxliyəsi üzrə genişmiqyaslı təlimlər keçirilir, məktəblilərə dron idarəetməsi öyrədilir və müdafiə xərcləri artırılır.
“AİA” qeyd edir ki, pilotsuz yerüstü platformalar Ukraynada getdikcə daha çox istifadə olunur. Bu sistemlər logistika, minalama, yaralıların təxliyəsi və hətta döyüş tapşırıqlarında tətbiq edilir.
23:15 19.08.2026
Oxunuş sayı: 54