Ərdoğandan Trampa İran mesajı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı keçirib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası bu barədə məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunub.
Ərdoğan İran və ABŞ arasında yaranmış gərginliklə bağlı diplomatiyadan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb. O, danışıqların davam etdiriləcəyinə ümid etdiyini və Türkiyənin sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.
Türkiyə Prezidenti Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan Birgə Müdafiə Sazişinə də diqqət çəkərək, bu razılaşmanın regional sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində güclü mövqe nümayiş etdirdiyini qeyd edib.
Ərdoğan həmçinin Qəzzada sülh prosesinin ikinci mərhələsinə keçməyə çalışıldığı bir vaxtda İsrail administrasiyasının fələstinlilərə qarşı fəaliyyətinin gərginliyi artırdığını bildirib.
O, Türkiyənin regionda və Qəzzada davamlı sülhün təmin olunması, eləcə də bölgənin yenidən qurulması istiqamətində atılacaq addımları dəstəkləməyə davam edəcəyini vurğulayıb.
10:38 18.08.2026
Oxunuş sayı: 52