CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: toyuq naggetləri

02:26 28.09.2026

Ultra-emal olunmuş qidalar: Sağlamlıq təhlükəsidir, yoxsa hər şey tərkibindən asılıdır?

54

Ultra-emal olunmuş qidaların (UPF) insan sağlamlığına təsiri ilə bağlı müzakirələr davam edir. Bu məhsullar piylənmə, ürək-damar xəstəlikləri və 2-ci tip diabet kimi problemlərlə əlaqələndirilsə də, mütəxəssislər onların zərərinin məhz emal prosesindən, yoxsa tərkibindəki yağ, şəkər, duz və yüksək kaloridən qaynaqlandığı barədə yekdil fikirə malik deyil. Crossmedia.az xəbər verir ki, BBC-nin hazırladığı materialda ultra-emal olunmuş qidaların gündəlik qidalanmadakı rolu və onların sağlamlığa mümkün təsirləri araşdırılıb. Məqalədə qeyd olunur ki, UPF anlayışının dəqiq tərifi ilə bağlı da fərqli yanaşmalar mövcuddur. Ümumi yanaşmaya görə, məhsulun tərkibində çoxsaylı inqrediyentlərin olması və emulqator, əlavə maddələr və dadlandırıcılar kimi ev mətbəxində adətən istifadə edilməyən komponentlərin yer alması onun ultra-emal olunmuş qida kimi qiymətləndirilməsinə səbəb ola bilər. Araşdırmalara əsasən, UPF-lərin piylənmə, ürək-damar xəstəlikləri, metabolik pozuntular, 2-ci tip diabet və bəzi psixi sağlamlıq problemləri ilə əlaqəsi müşahidə olunub. Bununla belə, alimlər bu əlaqənin konkret səbəbləri barədə fərqli fikirlər bildirirlər. Britaniya Dietoloqlar Assosiasiyasının üzvü Meyv Hanan insanların ultra-emal olunmuş qidalarla bağlı həddindən artıq narahatlıq keçirməməli olduğunu bildirib. Onun sözlərinə görə, məhsulun tərkibindəki uzun inqrediyent siyahısı onun avtomatik olaraq zərərli olması demək deyil və qidanın ümumi qida dəyəri daha önəmlidir. Mütəxəssis toyuq naggetlərini nümunə göstərərək bildirib ki, bu məhsullar zülal mənbəyi olsa da, adi toyuq filesi ilə müqayisədə daha çox yağ və duz ehtiva edə bilər. Buna görə də onların balanslaşdırılmış qidalanmanın bir hissəsi kimi ölçülü şəkildə istehlak edilməsi tövsiyə olunur. Məqalədə həmçinin vurğulanır ki, uşağın qidalanmasında ayrı-ayrı məhsullara deyil, uzunmüddətli ümumi qidalanma balansına diqqət yetirmək lazımdır. Digər tərəfdən, bəzi alimlər qidanın sənaye üsulu ilə emalının özünün də sağlamlığa təsir göstərə biləcəyini düşünür. Qida alimi professor Devid Culiann MakKlements isə “ultra-emal olunmuş qida” anlayışının kifayət qədər dəqiq müəyyən edilmədiyini və əsas problemin yalnız emal prosesi olmadığını bildirir. Digər ekspert Kris van Tulleken isə qida sənayesinin texnologiya və elmdən istifadə edərək bəzi məhsulları həddindən artıq cəlbedici və yeməyi dayandırmağı çətinləşdirəcək şəkildə hazırladığını iddia edir. O, qida məhsullarının üzərində yağ, şəkər və duzun yüksək miqdarı barədə daha aydın etiketlənmənin vacibliyini vurğulayır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR