CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: müəllim seçimi

11:13 05.10.2026

Emin Əmrullayev: Süni intellekt zəif müəllimlə yaxşı müəllim arasındakı fərqi dəyişə bilər

54

Təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız təhsil imkanlarının genişləndirilməsi ilə deyil, şagirdlərin real öyrənmə nəticələrinin yaxşılaşdırılması, müəllim seçiminin gücləndirilməsi və müasir texnologiyalardan səmərəli istifadə ilə sıx bağlıdır. Azərbaycanda məktəbəqədər və ibtidai təhsilin əhatəliliyinin artırılması, PISA nəticələrində müsbət dinamikanın müşahidə olunması və rəqəmsal imkanların təhsil prosesinə inteqrasiyası bu istiqamətdə əsas müzakirə mövzularındandır. Crossmedia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində “Daha təhsilli gələcək” devizi ilə keçirilən “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı təhsilin əlçatanlığı və keyfiyyəti, PISA nəticələri, müəllim seçimi, məktəbəqədər və ibtidai təhsil, eləcə də süni intellektin təhsil sistemində tətbiqi ilə bağlı fikirlərini bölüşüb.ğ Nazir bildirib ki, təhsilin əsas məqsədlərindən biri bütün vətəndaşlar üçün bərabər imkanların yaradılmasıdır: “Təhsil haqqında danışanda biz təhsilin əlçatan olmasını, insanların təhsil alması üçün imkanların olmasını nəzərə almalıyıq. Eyni zamanda təhsilin keyfiyyəti haqqında danışdıqda, təhsilin hər bir ölkədə vətəndaşlar üçün bərabər imkanlar yaratmasından danışırıq. Təhsilin əlçatan olmasını, təhsilin keyfiyyətli olmasını və eyni zamanda onun hər bir vətəndaş üçün bərabər imkanlar yaratmasını, bütün bölgələrdə, müxtəlif səriştədən olan müxtəlif qruplar, hətta bütün vətəndaşlar üçün yaxşı imkanlar çərçivəsində olmasını təmin etmək çox vacibdir”. Emin Əmrullayev PISA nəticələrində müəyyən müsbət dinamikanın müşahidə olunduğunu qeyd edib. Onun sözlərinə görə, nəticələrin yaxşılaşmasında müəllimlərin və şagirdlərin əməyinin də payı var: “PISA nəticələrinə baxdıqda yaxşı xəbərlərdən biri odur ki, biz nəticələrimizi yaxşılaşdırmışıq. Bu özü böyük göstəricidir. Görünən odur ki, işləyən müəllimlərimizin və şagirdlərimizin bununla bağlı nəticəsi var. Təbii ki, burada müəllimlərimizin əməyini də hiss etmək lazımdır. Eyni zamanda PISA yenə də onu göstərir ki, bizim çoxlu işlərimiz var”. Nazir vurğulayıb ki, təhsil yalnız bir müəllimin və ya ayrı-ayrı şəxslərin işi deyil. O, bu sahədə özünütənqidin və mövcud problemlərin düzgün qiymətləndirilməsinin vacibliyini qeyd edib: “Təhsil bir adamın işi deyil, bir müəllimin işi deyil. Ümumilikdə xalq üçün böyük imkanlar yaradan və qarşıya çıxan şəraitdir. Bizim üçün özünütənqid çox vacib keyfiyyətdir. Özünütənqid o deməkdir ki, biz özümüzdə olan problemləri başa düşəcəyik. Xalqı irəli aparmaq, nəticələri yaxşılaşdırmaq üçün nəyə çatdıq, növbəti dəfə nə edəcəyik ki, bir addım da irəli gedək? Bu, çox vacib bir keyfiyyətdir”. Emin Əmrullayevin sözlərinə görə, təhsil sistemində bütün müzakirələrin mərkəzində şagirdlərin öyrənməsi dayanmalıdır. Nazir qeyd edib ki, müəllimin istifadə etdiyi metodlardan daha vacib məsələ dərsin sonunda şagirdin nə öyrənməsidir: “Məktəb müəllimindən ona ayrılan vaxt ərzində həmin dərsdə şagirdlərə çatdırılmalı olan dəyərli nəticələr olmalıdır. Bunu necə çatdırmaq, hansı üsulla çatdırmaq, əvvəlki dövrlə müqayisədə indi fərqli üsullardan istifadə etmək müzakirə mövzusu ola bilər, amma məsələnin mahiyyətini və məqsədini dəyişməməlidir. Günün sonunda, ayın sonunda və ya ilin sonunda məktəblər və müəllimlər nəyi nəzərdə tutublar, şagirdlərə nə veriblər? Öyrənmə prosesi baş verir. Şagirdlər öyrənirsə, bu sualın cavabı müsbətdirsə, deməli, proses düzgün istiqamətdə gedir”. Nazir bildirib ki, məktəblərlə bağlı gündəlik müzakirələrdə əsas diqqət şagirdlərin öyrənməsinə yönəlməlidir: “Mənim şəxsi qənaətim ondan ibarətdir ki, buradakı müzakirələrin 50 faizdən az hissəsi şagirdlər haqqındadır. Daha çox böyüklər haqqındadır, daha çox insanların iş problemləri, onların şəxsi gündəliyi haqqındadır. Bu, insana xas xüsusiyyətdir. Amma məktəblərimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənməsidir. Şagirdlər öyrənirsə, onda hər şey yaxşıdır. Onlar daha yaxşı necə öyrənirlər? Sualı verəndə əsas diqqət bu məsələyə yönəlməlidir. Əgər şagirdlər kənarda qalıb, biz özümüzü müzakirə ediriksə, deməli, şagirdlər mərkəzdə deyil. Halbuki bizim işimizin mahiyyəti şagirdlərlə bağlıdır”. Emin Əmrullayev öyrənmə prosesinin idarə olunmasının da müasir məktəb üçün vacib olduğunu deyib. O bildirib ki, rəqəmsallaşma və dəyişən sosial mühit öyrənmənin daha effektiv idarə olunmasına ehtiyac yaradır: “Öyrənmə özü də idarə olunma tələb edən prosesdir. Müasir texnologiyalardan danışanda, öyrənmənin rəqəmsallaşması və sair məsələlərə toxunanda məhz onun idarə olunması müasir məktəbdə və müasir bacarıqlarda əhəmiyyət qazanır. Bəlkə də 10-15 il bundan əvvəl, yaxud 15-20 il əvvəlki dövrlə müqayisədə öyrənməni daha yaxşı rəqəmsallaşdırmaq, daha yaxşı başa düşmək və daha yaxşı idarə etmək imkanlarımız var”. Nazir müəllim seçiminin də təhsil sisteminin gələcəyi baxımından mühüm olduğunu vurğulayıb. Onun sözlərinə görə, müəllimliyə qəbul olunan şəxslərin bilik və göstəriciləri təhsilin gələcək nəticələrinə birbaşa təsir edən amillərdəndir: “Ən vacib məqam odur ki, müəllimliyə qəbul etdiyimiz, gələcəkdə artıq müəllim kimi işləyəcək tələbələrin öz bilikləri və göstəriciləri baxımından hansı səviyyədə olmasıdır. Biz müəllimliyi ən yaxşı 20 faiz məzunları arasından seçirik, yoxsa 30 faiz, 50 faiz məzunları arasından? Yoxsa bir neçə ixtisasa yalnız həmin ixtisaslara qəbul ola bilən insanlardan müəllim seçirik? Əgər ikincisini edirik, onda ola bilər ki, insan başqa peşəyə düşə bilmədiyi üçün müəllimlik etsin. Bu, müəyyən mənada daha az arzu olunan ssenaridir. Biz uşaqlarımız üçün ən yaxşı müəllimlərin olmasını istəyirik”. Emin Əmrullayev son illərdə bəzi fənlər üzrə əhəmiyyətli irəliləyişlərin olduğunu da diqqətə çatdırıb. O qeyd edib ki, ali məktəblərə qəbul nəticələrində müşahidə olunan dəyişikliklərin təsiri qarşıdakı illərdə daha aydın görünə bilər: “Toplum olaraq müəllim seçimini ən yüksək nəticə göstərənlər arasından etmək ilə daha aşağı göstəricilərlə müəllim seçmək arasında çox böyük fərq var. Bu, qəbul olanların ballarında da özünü göstərir. Son 10 ildə, xüsusilə bəzi fənlərdə bizim köklü və əhəmiyyətli irəliləyişimiz var. Bu bizi sevindirir. Bu gün ali məktəblərdə öz sözünü göstərməyə başlayan nəticələr qarşıdakı illərdə daha çox özünü göstərəcək”. Məktəbəqədər təhsilin əhatəliliyinə də toxunan nazir bildirib ki, bu göstərici 2015-ci ildən etibarən 14 faizdən 45 faizə yüksəlib. Onun sözlərinə görə, məktəbəqədər təhsilə cəlb olunan uşaqların PISA nəticələri də bu pillənin əhəmiyyətini göstərir: “Məktəbəqədər təhsilin əhatəliliyi 2015-ci ildən bu yana 14 faizdən 45 faizə qədər artıb. Bu nəyə görə vacibdir? Çünki PISA nəticələrinə də baxdıqda gördük ki, heç olmasa bir il məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların nəticələri məktəbəqədər təhsilə cəlb olunmayan uşaqların nəticələrindən əhəmiyyətli şəkildə fərqlənir. Məktəbəqədər təhsildən başlayan hazırlığın uşağın məktəbə hazır olmasına və öyrənmə prosesinə böyük təsiri var” Nazir ibtidai təhsilin nəticələrinin də digər təhsil pillələri üçün əsas rol oynadığını vurğulayıb: “İbtidai təhsildə də müsbət dinamikanı hiss edirik. Bu, çox vacib məsələdir. Əgər ibtidai təhsilin sonunda biz əsaslı dəyişiklik görmürüksə, tam orta və ali təhsildə əsaslı düzəlmə və dəyişiklik görmək çətindir”. Emin Əmrullayev bildirib ki, əvvəlki illərdə dördüncü sinif şagirdlərinin təxminən 50-60 faizinin yuxarı siniflərdə təhsil almaqda çətinlik çəkdiyi müşahidə olunub. Onun sözlərinə görə, son daxili ölçmələrdə bu göstəricidə ciddi azalma qeydə alınıb: “Yaxşı xəbər odur ki, bu rəqəm əsaslı şəkildə azalıb. Bizim son daxili ölçmələrimizdə bu rəqəm artıq daha aşağı səviyyədədir. Təbii ki, bu, heç vaxt sıfır olmayacaq. Göstəricilərdə bu rəqəm 10-15 faizdən 30 faizə qədər olan ölçülərdədir. Amma 60 faizdən bu səviyyələrə qədər aşağı düşməsi mühüm dəyişiklikdir”. Nazir qeyd edib ki, 2026-cı ildə elan olunacaq nəticələrin ibtidai təhsilin sonunda şagirdlərin hazırlıq səviyyəsi ilə bağlı daha ətraflı mənzərə yaradacağı gözlənilir. Forumda süni intellektin təhsil sistemində tətbiqi məsələsinə də toxunan Emin Əmrullayev bunun təhsil üçün rəqib, çağırış, yoxsa köməkçi kimi qəbul edilməsinin müzakirə edilməli olduğunu bildirib: “Süni intellekt Azərbaycan təhsilinin hansı tərəfdən kömək edə bilər? Bu, bizim Azərbaycan təhsilində rəqibimizdir, yoxsa dostumuzdur? Yoxsa çağırışdır? Bərabərimizdir, həmkarımızdır, yoxsa sadəcə olaraq köməkçimizdir? Düşünürəm ki, burada çox maraqlı müzakirələr aparmaq olar”. Nazirin sözlərinə görə, süni intellekt müəllimi tam əvəz etməkdən daha çox onun imkanlarını genişləndirə bilər. Xüsusilə qiymətləndirmə prosesində bu texnologiyanın imkanlarından istifadə etmək mümkündür: “Mənim şəxsi düşüncəmdir ki, həqiqətən də süni intellekt zəif müəllimlə yaxşı müəllim arasındakı fərqi dəyişə bilər. Yaxşı müəllim istər süni intellektdən istifadə etsin, istər etməsin, istənilən halda çox şeyi dəyişə bilər. Əsasən də düşünürəm ki, iki məsələdə çox diqqətli olmalıyıq. Biri qiymətləndirmədir. Qiymətləndirmə təhsilin müasir görünüşünün vacib hissələrindən biridir. Süni intellektin düzgün şəkildə tətbiqi şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsində çox böyük rol oynaya bilər”. Emin Əmrullayev süni intellektin təlim prosesində nailiyyətlərin daha sürətli ölçülməsi, müəllim fəaliyyətinin müxtəlif komponentlərinin qiymətləndirilməsi və müəllim-şagird münasibətlərinin daha yaxşı öyrənilməsi baxımından da imkanlar yaratdığını bildirib: “İkinci vacib məsələ sürət məsələsidir. Öyrənmə ilə bağlı nailiyyətlərin sürətli ölçülməsi, müəllim fəaliyyətinin ayrı-ayrı komponentlərinin ölçülməsi və şagirdlərlə müəllimlər arasındakı əlaqənin daha yaxşı başa düşülməsi baxımından düşünürəm ki, süni intellekt bizə çox vacib imkanlar yaradacaq”. Nazir əlavə edib ki, süni intellekt tətbiqlərindən istifadə üçün yeni bacarıqların formalaşdırılması vacibdir: “Bu tətbiqlərdən istifadə etməyi öyrənmək lazımdır. Bu, sözsüz ki, fərqli bacarıqlar tələb edir. Dediyim kimi, burada inkar etməklə tərəqqiyə gedə bilmərik”. Emin Əmrullayev çıxışının sonunda təhsilin keyfiyyətinin yüksəldilməsinin uzunmüddətli və sistemli iş tələb etdiyini vurğulayıb. O bildirib ki, əsas məqsəd şagird nailiyyətlərinin və ümumi təhsilin keyfiyyətinin artırılmasıdır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR