Deputat: Milli kimliyimizi və ailə institutumuzu qorumaq vacibdir - MÜSAHİBƏ
Cəmiyyətin inkişafında mühüm rol oynayan təhsil, elmin gələcək nəsillər üçün əhəmiyyəti, gənclərin dünyagörüşünün formalaşması və milli-mənəvi dəyərlərin qorunması bu gün də aktual müzakirə mövzularındandır. Xüsusilə rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial şəbəkələrin təsiri, süni intellektin yaratdığı imkanlar və 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran yeni ideoloji hədəflər cəmiyyətin əsas müzakirə istiqamətləri sırasındadır.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov Crossmedia.az-a mövzu ilə bağlı geniş videomüsahibə verib.
Müsahibədə təhsil sisteminin mövcud vəziyyəti, gənclərin elmə marağı, ailə institutunun qorunması, tarixi yaddaş və müasir çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
-Anar müəllim, fəaliyyətiniz elm, təhsil, tarix, mədəniyyət və siyasət kimi bir-birindən fərqli sahələri əhatə edir. Elə buna görə də adınız daha çox elm və təhsil sahəsi ilə assosiasiya olunur. Artıq parlamentdə də yay tətili başlayıb. Geridə qalan yaz sessiyasını nəzərə alsaq, Milli Məclisin Elm və Təhsil Komitəsi ötən altı ayı hansı nəticələrlə başa vurdu?
-İlk növbədə sizi və tamaşaçılarınızı salamlayıram. Əminəm ki, müsahibəmiz səmimi olacaq. Yaz sessiyası bizim üçün, xüsusilə də Elm və Təhsil Komitəsi üçün uğurlu keçdi. Milli Məclisin tarixində ilk dəfə komitə üzvlərinin sayı 18 nəfərə çatdırıldı. Komitənin fəaliyyətini yalnız parlament binası ilə məhdudlaşdırmadıq. İlk dəfə ali təhsil müəssisələri ilə birlikdə konfranslar keçirdik. İlk tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutdu. Ardınca Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti və ümumilikdə 10 ali məktəbdə bu görüşləri davam etdirdik. Daha sonra bölgələrə üz tutduq. Lənkəran və Astara da daxil olmaqla müxtəlif regionlarda təhsilin problemlərini yerində müzakirə etdik. Bu görüşlər həm təhsil ictimaiyyəti, həm də media tərəfindən böyük maraqla qarşılandı.
-Son illər cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də gənclərin elmə və elmi fəaliyyətə marağının əvvəlki illərlə müqayisədə azalmasıdır. Siz uzun illərdir həm alim, həm də müəllim kimi gənclərlə işləyirsiniz. Bu dəyişiklikləri necə qiymətləndirirsiniz?
-Mən bunu kitablardan oxumamışam, yaşamışam. Biz tələbə olanda Axundov adına kitabxanada kitabxanaçılardan xahiş edirdik ki, kitabxananı bir qədər gec bağlasınlar. Çünki səhəri gün seminarımız olurdu. Kitabxanalar həmişə dolu idi. Bu gün isə xüsusilə oğlanların elmə marağının azalmasının əsas səbəblərindən biri gələcək təminat məsələsidir. Vaxtilə ali məktəbi və aspiranturanı bitirən gənc mütəxəssis işlə təmin olunurdu, müəyyən müddətdən sonra mənzil sahibi olurdu. Bu gün isə "gənc mütəxəssis" anlayışı demək olar ki, aradan qalxıb. Mənim rəhbərlik etdiyim kafedrada çox savadlı doktorantlar var. Onlar dissertasiyalarını uğurla hazırlayırlar, universitetdə işləmək imkanı da qazanırlar. Amma əsas sual dəyişmir: bu maaşla evi necə alacaqlar? Mənzil problemi ailə qurmağa da təsir göstərir. Bu səbəbdən ali məktəblərdə qızların sayı oğlanlardan daha çoxdur. Bu problem təkcə Azərbaycana aid deyil, digər ölkələrdə də oxşar mənzərə müşahidə olunur. Buna görə də bu istiqamətdə ciddi düşünməyə ehtiyac var.
-Anar müəllim, statistik göstəricilər son illər cəmiyyətdə narahatlıq doğuran bir tendensiyanı ortaya qoyur. Doğum səviyyəsi azalır, boşanmaların sayı artır, gənclər daha gec ailə qurur. Sizcə, bu prosesin əsas səbəbləri nələrdir və çıxış yolu nə ola bilər?
-Bəlkə də bugünkü qalib Azərbaycan üçün ən çətin suallardan biridir. Ailə institutunu qorumaq üçün vahid resept yoxdur. Vaxtilə Atatürk toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı müəyyən qaydalar tətbiq etmişdi. Bu gün Azərbaycanda da ailə ilə bağlı problemlər hər kəsə məlumdur. Mənim 70 yaşım var. 1973-cü ildə doğulduğum kənddən çıxanda həmin kənddə cəmi bir boşanma hadisəsi olmuşdu və bu, bütün kənd üçün böyük hadisə sayılırdı. Bu gün isə vəziyyət tam fərqlidir. Hətta nişan üzüyü taxıldıqdan qısa müddət sonra boşananlar var. Bu il birinci sinfə gedəcək uşaqların sayının azalması da bu prosesin nəticəsidir. Boşanmalar artıq təkcə ailə problemi deyil, dövlətin təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıyan məsələdir. Bu istiqamətdə məsul qurumların fəaliyyəti vacibdir, amma hesab edirəm ki, əsas yük məktəbin və ailənin üzərinə düşür. Məktəb vətənə bağlı, məsuliyyətli, ailə dəyərlərinə hörmət edən vətəndaş yetişdirməlidir.
-Mütəxəssislər hesab edirlər ki, ailə institutunun zəifləməsində sosial-iqtisadi amillərlə yanaşı, internet, sosial şəbəkələr və süni intellektin də müəyyən təsiri var. Siz bu fikirlə razısınızmı?
-Bəli, müəyyən mənada razıyam. Bu gün sosial şəbəkələrdə təhsili və biliyi olmayan insanların nümunə kimi təqdim olunması, onların fikirlərinin minlərlə insan tərəfindən doğru qəbul edilməsi ciddi problemdir. Mən tarixçi kimi hesab edirəm ki, hər bir xalqın mədəni səviyyəsi onun bioloji xüsusiyyətləri ilə deyil, keçdiyi tarixi inkişaf yolu ilə müəyyən olunur. Biz milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Qadına verilən dəyər, ailə institutunun möhkəmliyi və milli kimliyin qorunması cəmiyyətin əsas sütunlarıdır. İslam dinində də qadına verilən qiymət yüksəkdir. Biz dünyəvi dövlətik, amma bu, milli və mənəvi dəyərlərdən uzaqlaşmaq demək deyil. Mən ömrüm boyu nə siqaret çəkmişəm, nə də spirtli içki qəbul etmişəm. Heç vaxt bunlardan nəsə itirdiyimi düşünməmişəm. Əksinə, qazandıqlarımın daha çox olduğuna inanıram. Ümumbəşəri dəyərlərdən faydalanmaq lazımdır, amma milli kimliyimizi və ailə institutumuzu qorumaq da eyni dərəcədə vacibdir. Boşanma adi hadisəyə çevrilməməlidir. Bunun məsuliyyəti məktəbin, müəllimin, ailənin və bütövlükdə cəmiyyətin üzərinə düşür. Sonda isə itirən bütün Azərbaycan olur.
-Anar müəllim, 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Qələbə qazandı, ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi. Bu mərhələdən sonra sizcə, Azərbaycan cəmiyyətini birləşdirən əsas milli ideya nə olmalıdır?
-Bununla bağlı maraqlı bir məqama toxunmaq istəyirəm. Dünyada xalqları düşüncə tərzinə görə şərti olaraq üç qrupa bölmək olar: mifoloji təfəkkürlə yaşayanlar, tarixi təfəkkürə əsaslananlar və riyazi təfəkkürü üstün olanlar. Riyazi təfəkkür müəyyən mənada fitri qabiliyyətdir. Sonradan inkişaf etdirmək mümkündür, amma hər kəsdə eyni səviyyədə olmur. Mən uzun illər abituriyent hazırlamışam. İlk sualım həmişə riyaziyyatla bağlı olub. Çünki riyaziyyatı yaxşı bilən insan digər elmləri də daha rahat mənimsəyir. Tarixi təfəkkür isə xalqın yaddaşıdır. Əgər Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərini yazmasaydı, Azərbaycan tarixşünaslığının başlanğıcını hansı əsərlə bağlayacaqdıq? Prezident dəfələrlə bildirib ki, gələcəkdə Ermənistanla qonşuluq münasibətləri bərpa oluna bilər. Amma bu, tariximizi unutmaq demək deyil. 1813 və 1828-ci il müqavilələrinin nəticələrini, xalqımızın yaşadığı faciələri və torpaqlarımızın necə işğal olunduğunu gələcək nəsillər bilməlidir. SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqilliyini bərpa etdi, lakin torpaqlarımız işğal olundu. 2020-ci ildə isə Ali Baş Komandanın rəhbərliyi ilə 300 ildən sonra ilk dəfə Azərbaycan öz torpaqlarını azad etdi. Bu, yeni Azərbaycanı və qalib xalq düşüncəsini formalaşdırdı. Bu gün Azərbaycan qalib dövlətdir. Dünyada qalib olmaqdan böyük hiss yoxdur. Bayrağını qürurla qaldırmaq, dövlətinin gücünü hiss etmək tamam başqa duyğudur. Artıq biz təhrif olunmuş tarixi deyil, qalib Azərbaycanın tarixini yazır və dünyaya çatdırırıq.
-Sonda isə texnologiyalar barədə danışmaq istərdim. Süni intellekt artıq həyatın bütün sahələrinə daxil olub. Bir tarixçi və alim kimi siz süni intellektin imkanlarını və gələcəyini necə qiymətləndirirsiniz?
-Mən tarixçiyəm, texnokrat deyiləm. Amma süni intellektdən rahat istifadə edirəm və işimdə mənə çox kömək edir. Bəzən elə tarixi suallar verirəm ki, cavab tapmasının çətin olacağını düşünürəm. Sonra görürəm ki, unutduğum müqavilələrin maddələrini belə qarşıma çıxarır. Məqalə yazarkən, tezis hazırlayarkən, elmi araşdırmalar apararkən, hətta sağlamlıqla bağlı ilkin məlumat əldə edərkən də süni intellektdən istifadə edirik. Məncə, bu texnologiya düzgün istifadə olunarsa, böyük imkanlar yaradır. Onun gələcək risklərini və təsirlərini isə texnologiya sahəsinin mütəxəssisləri daha dərindən araşdırmalıdır. Biz tarixçilər isə ondan öz sahəmizdə faydalanmağa çalışırıq.
Nigar Xəlilli
20:40 28.07.2026
Oxunuş sayı: 57