İran ABŞ ilə danışıqların dayandırılmadığını açıqlayıb
İran Pakistan vasitəsilə ABŞ ilə danışıqlardan çıxmadığını, yalnız danışıqlar prosesini müvəqqəti dayandırdığını Vaşinqtona çatdırıb.
Crossmedia.az xəbər verir ki, "Al-Hadath" telekanalı bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Pakistan Tehran və Vaşinqton arasında vasitəçi rolunu oynayır. İran İslamabada bildirib ki, ABŞ ilə təmaslar tam dayandırılmayıb, yalnız danışıqlar prosesi müvəqqəti olaraq dondurulub.
Mənbələrin sözlərinə görə, Tehran hesab edir ki, danışıqlar daha əvvəl ABŞ və İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumuna uyğun şəkildə davam etdirilməlidir.
Bildirilir ki, İran danışıqların ilk mərhələdə Hörmüz boğazı ilə bağlı məsələlər ətrafında bərpa olunmasını təklif edir. Bundan sonra dondurulmuş İran aktivlərinin açılması, son mərhələdə isə nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsinə başlanmasının tərəfdarıdır.
Qeyd olunur ki, Tehran danışıqların mərhələli şəkildə davam etdirilməsini və əvvəlki razılaşmalar əsasında irəliləməsini vacib hesab edir.
10:11 27.07.2026
Oxunuş sayı: 54