Putin: Xüsusi hərbi əməliyyat gec-tez başa çatacaq
Rusiya Prezidenti Vladimir Putin Hərbi Dəniz Qüvvələrinin hərbçiləri ilə görüşdə Ukraynadakı müharibə və xüsusi hərbi əməliyyatla bağlı bir sıra açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Putin bildirib ki, Rusiya müharibəyə başlamayıb, əksinə, Qərbin dəstəyi ilə Kiyev tərəfindən başladıldığını iddia etdiyi hərbi əməliyyatlara cavab verir.
Rusiya liderinin sözlərinə görə, Ukrayna hakimiyyəti nasist ideologiyasını yenidən dirçəldir və dinc əhaliyə qarşı aqressiv davranış bunun nəticəsidir. O, xüsusi hərbi əməliyyat iştirakçılarını "tarix yazan qəhrəmanlar" adlandıraraq, gələcək nəsillərin onların nümunəsindən öyrənəcəyini bildirib.
Putin qeyd edib ki, xüsusi hərbi əməliyyatla bağlı bütün məlumatlar ona təqdim olunur və dövlətin müdafiəsində iştirak edən şəxslər cəmiyyətin ön sıralarında yer alırlar.
O, həmçinin vurğulayıb ki, xüsusi hərbi əməliyyat gec-tez başa çatacaq, "düşmən məğlub ediləcək və qələbə Rusiyanın olacaq".
Rusiya Prezidenti əlavə edib ki, cəbhədə birlik və qardaşlıq hissi mühüm əhəmiyyət daşıyır. Onun iddiasına görə, Ukrayna daxilində siyasi qarşıdurmalar dərinləşib və müxtəlif qruplar arasında ciddi fikir ayrılıqları mövcuddur.
Putin, həmçinin bəyan edib ki, Rusiya vaxtilə Ukraynanın ərazi bütövlüyünün yeganə təminatçısı olub, lakin sonradan Kiyev Moskvanı düşmən elan edib.
23:00 26.07.2026
Oxunuş sayı: 66